“Eyvandan “Yusif” deyə çağırsaq, 10 baş çönüb bizə baxacaq...” – Uşaqlarımıza hansı adları qoyaq?
Kateqoriya məlum deyil
Bəzi sahibkarlar hansısa yeni obyekt açan
zaman və ya bəzi valideynlər övladlarına ad qoyanda daha çox xarici adlara
üstünlük verirlər. Küçələrdə ingilis, fransız və ya başqa dillərdə olan
mağaza, şadlıq sarayı, restoran adlarını
az görməmişik.
Maraqlıdır, ad seçimi zamanı xarici sözlərdən
istifadə edilməsi dilimizə nə kimi zərər verir? Yaxud, Azərbaycan həm də turizm
ölkəsi olduğuna görə, digər dillərdən istifadəyə də şərait yaratmalıyıqmı?
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Sfera.az-a açıqlamasında qeyd edib ki, hər hansı müəssisə, ictimai iaşə obyekti açılanda sahibkarı ilk növbədə həmin yerin cəlbedici olması düşündürür:
"İstər ad baxımından, istərsə də görünüş
baxımından. Amma məsələnin bir neçə cəhəti var və son dərəcədə aktualdır. Hər
hansı müəssisənin adı ilə bağlı iki şeyi unutmaq olmaz – Reklam haqqında və
Dövlət Dili haqqında qanun. Reklam haqqında qanuna görə, sahibkar istənilən adı
qoya bilər. Amma hər iki qanuna əsasən, hər hansı obyektin adında Azərbaycan
dilində olan sərlövhə həcmcə üstünlük təşkil etməlidir. Yalnız bundan sonra
xarici dildə sərlöhvə mümkündür, lakin həcmcə kiçik. Yaxud, hər hansı brendin
adından istifadə edilir. Bu zaman da mütləq öz dilimizdə sərlövhə olmalıdır.
Belə olmadığı təqdirdə, Dövlət dili və Reklam haqqında qanun pozulur. Digər tərəfdən
təbii ki, Azərbaycan dünya ölkələrinə inteqrasiya edir, turizm ölkəsidir,
xarici dillərdə adın verilməsi qadağan oluna bilməz. Sadəcə olaraq, iki qanun
mütləq götürülməlidir. 3-4 uşaq paltarını qoyub, üzərinə "Baby shop” yazmaqla
deyil. Düşünürəm ki, həmin mağazaya öz dilimizdə olan hər hansı oğlan və ya qız
adını, satışı özündə əks etdirən sərlövhəni qoyaraq fəaliyyət göstərmək olar”.
Müsahibimiz həmçinin valideynlərin övladlarına
qoyduğu əcnəbi adlar məsələsinə də toxunub:
"Azərbaycanda Milli Elmlər Akademiyasının
Terminologiya komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi
Komissiyası fəaliyyət göstərir. Birinci növbədə məqsəd təbliğat səciyyəsi
daşıyır. Yəni, övladlarımıza ad qoyarkən azərbaycanlı olduğumuzu unutmayaq.
Yaxud, tematik cəhətdən zəngin olan, bizim milli-mənəvi dəyərlərimizi əks etdirən
adları birinci növbədə nəzərdə saxlamalıyıq. Təəssüf ki, bu gün ərəb dünyasında
müqəddəs hesab edilən adlardan istifadə halları çoxdur. Hətta mən demişdim ki,
eyvandan "Yusif” adında birini çağırsaq, bəlkə də 10 baş çönüb bizə
baxacaq. Halbuki Azərbaycan dilinə xas
olan elə gözəl adlarımız var ki. Məsələn, Cəfər Cabbarlının əsərləri başdan-ayağa
Azərbaycan adlarına bir çağırışdır. Övladlarımıza elə ad qoymalıyıq ki, gələcəkdə
həm də utanmasınlar. İnsan öz adı ilə tanınır, çağırılır. O adın səslənişindən
tutmuş semantikasına qədər böyük əhəmiyyət daşıyır. Bunu nəzərdə saxlamaq
lazımdır”.Günay Rəsulqızı
Sfera.az





