Növbədənkənar seçkilər Ermənistana nə vəd edir? - Proqnoz
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Uzun sürən müzakirələr və gərginlikdən sonra nəhayət, Paşinyan hökuməti geri çəkilərək növbədənkənar seçkiyə yaşıl işıq yandırmalı oldu.
Maraqlıdır, 3 ay sonra baş tutacaq bu seçkilər düşmən ölkədə qüvvələr nisbətində hansısa bir yeniliyə gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirdi ki, baş nazir Paşinyan koalisiyası növbədənkənar seçkilərlə liderliyini saxlaya bilər, bununla belə, əvvəlki mövqeyini xeyli dərəcədə itirəcək:
"Ermənistanda gözlənilən erkən parlament seçkilərilə qüvvələr nisbətinin necə olacağı barədə dəqiq fikir söyləmək çətindir. Hələlik bütün siyasi qüvvələr məsələ ilə bağlı mövqelərini konkretləşdirməyib. Ancaq hazırkı müşahidələr göstərir ki, ölkədə fəaliyyət göstərən iqtidarlı müxalifətli bütün siyasi partiyalar son ilyarımda əvvəlki seçki ilə müqayisədə ciddi dəstək itkisinə məruz qalıb.
Ən çox səs itirən isə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” koalisiyasıdır. Son rəy sorğusuna görə, Paşinyan bloku hardasa 30-33 faizə qədər səs toplaya bilər. Halbuki 2018-ci ildə Paşinyan koalisiya ilə birlikdə 70 faiz səsə sahib olmuşdu. Deməli, indi onu dəstəkləyənlərin sayı 2 dəfədən də çox azalıb. Hazırda parlamentdə təmsil olunan "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” partiyaları isə daha da zəifləyib. Onlar rəy sorğularına görə, 5-7 faizlik səs toplaya bilərlər”.
Politoloqun fikrincə, bu qədər itkiyə baxmayaraq, Paşinyan hələ də Ermənistan siyasətində digərlərilə müqayisədə ən müsbət imicə malik siyasi lider olaraq qalmaqdadır. Təbii ki, bütün bunlar ilkin görüntüdür. Seçki prosesinin necə olacağını, kampaniyanın necə aparılacağını isə indidən demək çətindir. Hər şey siyasi qüvvələrin kampaniyanı necə aparacaqlarından asılı olacaq. Müxalifət və iqtidarın özü tərəfindən müxtəlif koalisiyalar yarana bilər. Sadəcə onu deyə bilərik ki, Paşinyan seçkiyə getmək məcburiyyətində qaldı. Uzun müddət buna müqavimət göstərsə də, sonda seçkiyə qərar verməli oldu. Revanşist qüvvələr də prosesə ciddi hazırlaşır”.Elçin






