Erkən parlament seçkisi Ermənistanı böhrandan xilas edə biləcək? - "Paşinyan o vaxta qədər sağ qalsa..."
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb. Baş nazir növbədənkənar parlament seçkilərinin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib.
Sfera.az xəbər verir ki, bunu şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, erkən parlament seçkisi Ermənistanı hazırki böhrandan xilas etməyəcək:
"Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanımayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəri başdan bilir. Digər tərəfdən iyunun 20-də qədər başda Paşinyan olmaqla, seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaqlar. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq.
Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa , o yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq”.
Politoloqun sözlərinə görə, "Qarabağ klanı”nı və onun liderləri - Robert Köçəryan və Serj Sərkisyan böyük ehtimalla yenə müxalifətdə qalacaqlar:
"Seçkinin nəticəsinə görə koalisyon hökumət formalaşarsa, yeni baş nazir üçün qərarlar vermək çətin olacaq. Ancaq baş nazir kim olursa olsun, həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir.
Nikol Paşinyanın yenidən baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməninin Ermənistana təhvil verilməsi mümkündür. Bu Paşinyanın seçki öncəsi erməni cəmiyyətində nüfuzunu daha bir az gücləndirə bilər”.
Günay Rəsulqızı
Sfera.az






