“Ancaq şübhə yarandıqda...” – Sahibkarlar bu halda təftişə məruz qala bilər
"Verilən qərar sahibkarlar üçün bir jestdir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin imzaladığı fərmanla sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il uzadılaraq 2022-ci ilin yanvarın 1-dək dayandırılmasının iş adamlarına verəcəyi üstünlükləri dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Bu müddətə qədər sahibkarlıq subyektlərinin yoxlanılmasında kifayət qədər ciddi azalmalar olub. Amma ortada pandemiya da var. Digər tərəfdən, iqtisadiyyatda başqa proseslər, bu sahədəki oyunçuların pandemiya və iqtisadi aktivliyin azalmasından doğan problemləri də vardı. Rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumdaxili məhsul 3,4 faiz azalıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bu mənada yoxlamaların dayandırılması müddətinin uzadılmasını sahibkarlara bir jest kimi dəyərləndirmək olar.
Bu, onlarda ən azından gələn ilin əvvəllərinə qədər yoxlamaların olmayacağı ilə bağlı arxayınlıq yaradır. Adətən yoxlamalar iş adamları üçün əlavə yük və əlavə zamanın alınması deməkdir. Bu həm də onlar üçün əlavə borcların yaranmasına səbəb olur”.Həmsöhbətimiz onu da qeyd etdi ki, bu heç də yoxlamaların tamamilə dayandırılması anlamına gəlməməlidir: "Şübhələr yaranarsa, vergi orqanlarının diqqətini cəlb edən əməliyyatlar baş verərsə, bundan öncə olan bu sayaq yoxlamalar yenə də davam edəcək. Amma planlı yoxlamalar, ucdantutma hamını bir-bir yoxlama prosedurunun dayandırılması müddəti uzadılır”.
Ekspertin fikrincə, əslində yoxlamaların dayandırılması müddətini uzatmaqdansa, ümumilikdə yoxlama prosedurlarının qanunvericilik əsasında dəyişdirilməsi daha yaxşı variantdır: "Dünya təcrübəsi göstərir ki, vergi orqanları ancaq şübhə yarananda yoxlama əməliyyatı həyata keçirə bilər. Türkiyədə bir iş adamının müəssisəsində 17 il ərzində heç bir yoxlama aparılmayıb. Çünki vaxtlı-vaxtında vergilərini verib”.
Həmsöhbətimizə görə, vaxtında vergini ödəyən, qanunvericiliklə bağlı problemləri olmayan iş adamlarını yoxlamağın ümumiyyətlə heç bir adı yoxdur: "Bu səbəbdən ölkəmizdə də yoxlama prinsipləri, kriteriyalarının müəyyənləşdirilməsi və gələcəkdə ona uyğun yoxlamaların aparılması daha məntiqli olardı. Bu iş adamlarına daha geniş stimul verər. İndi bir il uzadılması doğru qərardır. Amma bu sahədə qanunverici baza yaradılsa daha yaxşı olar”.Elçin






