"O zamankı Azərbaycan rəhbərliyi xalqı aşağıladı" - Natiq Cəfərli
"SSRİ-nin saxlanılması ilə bağlı keçirilən referendumdan düz 30 il keçir. 17 mart 1991-ci ildə SSRİ-nin son çırpıntısı olaraq referendum keçirilib. Baltikyanı respublikalar, Moldova, Gürcüstan və Ermənistan referendumun keçirilməsindən imtina ediblər. Azərbaycan rəhbərliyi isə canla-başla referenduma gedib”.
Sfera.az xəbər verir ki, bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, həmin dövrdə rəhbərlik həm də 1990-cı il Qanlı Yanvar hadisələrindən sonra milləti heçə sayaraq Kremlə baş əymək üçün növbəyə durub:
"Guya seçicilərin 75,1%-i referandumda iştirak etdi, guya 93,3%-i SSRİ-nin saxlanılmasına səs verdilər. O zamankı Azərbaycan rəhbərliyi xalqı aşağıladı. Amma tarix öz sözünü dedi. Çürümüş, təməli olmayan, repressiv aparat üzərinə inşa edilən, "xalqların həbsxanası” çökdü, SSRİ dağıldı.
SSRİ-nin dağılması elan edilən 25 dekabr 1991-ci ildə Kremldə mətbuat konfransı keçirilirdi. Tədbirə xarici jurnalistlər də dəvət almışdılar. Tədbir bitir, saat 19:25-də CNN jurnalistləri Kremldən çıxanda görürlər ki, bir nəfər fəhlə baba SSRİ-nin bayrağını Kreml üzərindən endirir. Həmin prosesi lentə alırlar, bayrağı Kremldən endirən adamdan müsahibə almaq istəyirlər. Fəhlə baba müsahibə verməkdən imtina edir. O zaman CNN-nin jurnalisti həmin bayrağı ondan almaq istəyir, 12 dollar pul təklif edir. Fəhlə baba razılaşır – indi həmin bayraq Vaşinqtondadır”.
Partiya üzvü bu hadisənin çox böyük simvolik əhəmiyyəti olduğunu vurğulayıb:
"SSRİ, guya fəhlə-kəndli hakimiyyəti idi, amma ideoloji təməli o qədər qeyri-sağlam idi ki, Kremldən rəsmi bayrağı endirən fəhlə, o bayrağı öpüb saxlamaqdansa, onu 12 dollara satmağa üstünlük verdi.
Müasir Azərbaycanda da az şey dəyişib – yenə seçki insititutu yox, yenə ideoloji təməli olmayan siyasi təşkilatlar, yenə dəyərləri, prinsipləri olmayan partiyaların "bayrağını” pula satmağa hazır olan bəzi tərəfdarlar… İşimiz çətindir, amma şərəflidir. Ölkədə prinsiplər və dəyərlər üzərinə, ideoloji təmələ söykənən örnək partiya qurmaq, inkişaf etdirmək işi bizim boynumuzun borcudur. YAP klassik anlamda partiya deyil, klassik siyasi təşkilatlarının böyük bir qismi isə şəxsə bağlı populist sektalardır”.
Türkan
Sfera.az






