Əməkhaqqının azalması pensiyaların da azalmasına əsas yaradır? - ŞƏRH
Azərbaycanda hər il pensiyaların məbləği orta əmək haqqı səviyyəsindəki artım sürətinə uyğun olaraq indeksləşdirilir. 2020-ci ildə orta əmək haqqı 11,4 faiz artdığından 2021-ci ildə pensiyaların sığorta hissəsi də o qədər artırılıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2021-ci ilin yanvarında orta aylıq əməkhaqqı 3 faiz azalaraq 691 manata enib. Nəzəri baxımdan ilin yekununda da əməkhaqqının azalması mümkündür.
Bəs, bu halda pensiyalar da indeksləşdirilərək azaldılmalıdırmı? Bu haqda qanunvericilik nə deyir?
Pensiyaların indeksləşdirilməsi "Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Adıçəkilən qanunun 29-cu maddəsi əmək pensiyalarının indeksləşdirilməsi qaydasını müəyyənləşdirir.
Həmin maddəyə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
Qanunun tələbindən belə anlaşılır ki, orta aylıq əməkhaqqı azaldıqda pensiyalar indeksləşdirilərək azaldıla bilməz. Çünki burada əməkhaqlarının yalnız artım tempi nəzərdə tutulur. Əgər qanunda "əməkhaqqı səviyyəsindəki dəyişikliyə uyğun indeksləşdirmə” qeyd edilsəydi, o halda, əməkhaqqının azalması pensiyaların indeksləşdirilərək azalmasına əsas yaradardı.
Məsələn, qanuna əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, ölkədə qiymətlər artanda sığortaolunanların fərdi hesabının sığorta hissəsi artırılmalıdır, azalanda isə azaldılmalıdır.
Deməli, 2021-ci ilin yanvarında olduğu kimi orta aylıq əməkhaqqının azalması il ərzində davam edərsə, bu, pensiyaların azaldılmasına əsas yaratmayacaq.Vasif






