"Ermənistan ordusu mülki əhaliyə qarşı terror törədən, vəhşi tör-tüküntülərdən ibarətdir" - Polkovnik-leytenant
İkinci Qarabağ müharibəsində dünya da gördü ki, Azərbaycan əsgəri heç zaman mülki erməni əhalisinə atəş açmayıb, əksinə, onlara münasibətdə humanistlik göstərib. Bunun müqabilində, Ermənistan hakimiyyəti və erməni silahlı dəstələri son 30 ildə daim azərbaycanlı mülki əhalini hərbi hədəf seçib, soyqırım siyasəti yürüdüb.
Bu barədə Sfera.az-a danışan ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, erməni ordusu müharibə və ordu qanunlarına heç zaman hörmətlə yanaşmayıb:

"Azərbaycan Ordusu hərbi doktrinası, konkret məqsəd, məram və hədəfləri olan bir ordudur. Ermənistan silahlı birləşmələri isə ancaq dağıntılar gətirən, mülki əhaliyə qarşı terror törədən vəhşi tör-tüküntülərdən ibarətdir. Bu ordu heç bir ideoloji xəttə malik deyil. Ermənistan ordusu əslində müxtəlif siyasi qruplaşmaların, xaricdəki bəzi maliyyə dairələrinin, erməni lobbisinin təsiri altında formalaşan ordudur".
Həmsöhbətimiz qeyd etdi ki, erməni ordusunun çürük bir ideologiyaya xidmət etməsini bütün dünya bilir:
"Azərbaycan Ordusu, əsgərlərimiz hər zaman humanizm prinsiplərinə riayət edib. Əsgərlərimiz heç zaman mülki erməni əhalisinə atəş açmayıb. Ermənistan ordusu isə həm birinci, həm də ikinci Qarabağ müharibəsində dinc Azərbaycan əhalisinə qarşı amansızlığı, vəhşiliyi ilə seçilib. Onlar azərbaycanlılara qarşı genosid siyasəti yürüdüblər. Bu vəhşilər Xocalı faciəsi, Meşəli, Ağdaban, Qaradağlı faciələrini törədiblər. Halbuki dinc əhaliyə qarşı bu cür əzazillik orduya yaraşmayan haldır. Ermənilər hamilə qadınlara, körpə uşaqlara qarşı qəddar münasibət bəsləyib.
Azərbaycan Ordusu ilə fəxr edirəm. Onlar dinc əhaliyə qarşı hər zaman humanist addımlar atıb. Ermənistn silahlı birləşmələri ilə bağlı isə bunu demək mümkün deyil. Çünki bu ordunun başında vaxtilə Köçəryan, Sarkisyan kimi qatillər durub.
Biz 28 ildən çox gözlədik. Sonda ermənilərin qeyri-insani fəaliyyətləri ölkəmizi antiterror əməliyyatlarına başlamağa vadar etdi.
Qisasçılıq hissilə yaşayan erməni xalqının ordusu heç zaman humanist ola bilməz.
Azərbaycan Prezidenti isə bildirdi ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən bütün erməniləri qəbul etməyə hazırıq. Bu bir humanizm nümunəsidir”.
Elçin
Sfera.az
.






