Logo

“Hətta alıcıları qapıda gözlətməli oluruq ki...” – Bayram yarmarkalarına böyük axın var

“Hətta alıcıları qapıda gözlətməli oluruq ki...” – Bayram yarmarkalarına böyük axın var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən şəhərə” yarmarkaları təşkil olunub.

Bununla bağlı "Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev Sfera.az-a açıqlamasında yarmarkalara alıcı tələbatının qənaətbəxş olduğunu bildirib:

"Əvvəllər yarmarkaları həftəsonları edirdik. Bilirsiniz ki, həmin günlər ictimai nəqliyyat işləmirdi. Buna görə də alıcı marağı kifayət qədər olsa da, aktivlik nisbətən az idi. Lakin bayrama görə yarmarkalar ayın 19-na qədər gündəlik fəaliyyət göstərir. Əgər həftəsonları şəxsi maşınları olanlar və ya yaxın ərazilərdə yaşayanlar gələ bilirdisə, indi ictimai nəqliyyatla bağlı vətəndaşlar rahat şəkildə gəlib gedə bilirlər”.

Qurum rəsmisi qeyd edib ki, alıcıların sıxlığı ilə bağlı problem yaşanmır: "Kifayət qədər alıcı gəlir. Bəzi vaxtlarda hətta alıcıları qapıda gözlətməli oluruq ki, içəridə çox sıxlıq yaranmasın, sosial məsəfə qaydalarına əməl olunsun. Ümumi olaraq, satıcılar da, fermerlər də narazı deyillər, məhsullarını sata bilirlər”.
 

M.Musayev gələcəkdə yarmarkaların sayının artırılmasından da söz açıb: "Biz ötən illərdə çox yerdə yarmarkalar təşkil edirdik. Ənənəvi olaraq 5 ünvan var idi. Bayramqabağı bu ünvanların sayı 14-ə çatdırılırdı. Lakin hazırda pandemiyaya səbəbindən çox sıxlıq yaranmasın deyə məhdud sayda yarmarkalar keçirilir. Amma növbəti məhsul toplama sezonu ərəfəsində yarmarkaların sayının artırılması ilə bağlı planlar var. Təbii ki, fermerlərin də iştirak istəklərinə uyğun olaraq yarmarkaların sayının artırılması nəzərdə tutulub”.

Xatırladaq ki, yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik” stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında açılıb.

Günay Rəsulqızı

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR