Azərbaycanda taxta bahalaşır – Yeni qiymətlər
Dünyada taxta qiymətlərində baş verən kəskin yüksəliş son aylarda Azərbaycanda da müşahidə edilməyə başlayıb. ABŞ və Kanada birjalarına dair açıqlanan məlumatlara əsasən, ötən bir il ərzində taxtanın qiyməti 1,8 dəfə, bu ilin əvvəlindən isə 12 faiz artıb.
Taxtanın dəyərində yüksəlmə 2020-ci ilin noyabrından yenidən aktivləşib. Noyabrda bir kub metri 210 dollar olan taxtanın dəyəri sonrakı aylarda 414 dollara qədər yüksəlib. Hətta 2021-ci ilin fevralın 23-də taxtanın kub metrinin dəyəri 433 dollara çatıb. Hazırda taxtanın qiyməti 414 dollara ensə də yenə də taxtanın dəyəri əvvəlki dövrlərlə müqayisədə yüksəkdir.
Sfera.az xatırladır ki, ABŞ və Kanada bazarında taxtanın dəyəri bir il əvvəl 136 dollar idi. Qısa müddətdə taxtanın bu qədər bahalaşması tikinti sektorunda tələbin canlanması və soyuq havaların sərt keçməsi ilə izah edilir.
Taxta qiymətlərindəki artım Azərbaycanda da müşahidə olunur. 2021-ci ilin fevralın 1-nə olan rəsmi məlumata əsasən kəsilmiş taxtanın bir kub metrinin orta qiyməti 331 manata yüksəlib. Bir il əvvəl taxtanın pərakəndə satış qiyməti 315 manat idi. Rəsmi statistikaya görə taxtanın dəyəri 2021-ci ilin yanvarında 2020-ci ilin yanvarına nisbətən 5,1 faiz artıb.
Bazar məlumatlarına əsasən hazırda taxtanın kub metrinin dəyəri 340-350 manatdır. Mövcud qiymətlər nəzərə alınarsa, illik bahalaşma 11 faizi ötür.
Azərbaycanda taxtanın qiymətinin ABŞ və Kanada bazarlarına nisbətən ucuz olması Rusiya ilə bağlıdır. Rusiya bazarındakı aşağı qiymətlər ölkəmizin əlverişli şərtlərlə taxta-şalban idxalına imkan yaradır. Bununla belə qeyd edək ki, beynəlxalq birjalarda baş verən qiymət artımları Rusiya bazarına, oradan isə idxal vasitəsilə Azərbaycan bazarına da sirayət edir.Vasif
Sfera.az






