Adambaşına düşən xarici dövlət borcumuz artıb
Sfera.az bildirir ki, 2018-ci ildə adambaşına xarici dövlət borcumuz 894,4 dollar, 2019-cu ildə 909 dollar, 2020-ci ildə 872 dollar təşkil edib.
Xarici dövlət borcunun dambaşına düşən payının azalması 2 səbəblə bağlıdır. Birinci səbəb xarici borcun məbləğinin azalmasıdır. 2017-ci ildə xarici borcun məbləği 9,398 milyard dollar olduğu halda 2020-ci ildə 8,821 milyard dollara düşüb.
İkinci səbəb, ötən dövrdə Azərbaycan əhalisinin sayının artmasıdır. 2017-ci ildə 9,898 milyon nəfər olan əhali sayı 2020-ci ilin sonunda 10,123 milyon nəfərə yüksəlib.
Xarici dövlət borcunun məbləğinin azalması ilə paralel olaraq əhalinin də sayının artması adambaşına düşən borcun məbləğinin kiçilməsinə səbəb olub.
Adambaşına düşən borcun məbləği 2017-ci illə müqayisədə azalsa da, son 10 ilin müqayisəsində artıb. Müqayisə göstərir ki, 2017-ci ilə qədər xarici dövlət borcunun adambaşına düşən hissəsi davamlı artıb. Xarici dövlət borcunun adambaşına düşən hissəsi 2010-cu ildə 423,4 dollar, 2011-ci ildə 521,5 dollar, 2012-ci ildə 610,1 dollar, 2013-cü ildə 637 dollar, 2014-cü ildə 675,3 dollar, 2015-ci ildə 710,5 dollar, 2016-cı ildə 705 dollar olub. 2020-ci ildə qeydə alınan göstərici on il əvvəlki göstəricidən 2 dəfə çoxdur.
Qeyd edilənlər, Azərbaycan dövlətinin birbaşa xarici borcuna aiddir. Əgər dövlət şirkətlərinin də xarici borc yükünü nəzərə alsaq, o halda, adambaşına düşən xarici borcun məbləği daha da artır. 2018-ci ilin məlumatına əsasən, dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borcun məbləği 5,8 milyard dollardır.
Şirkətlərin özləri tərəfindən cəlb edilən əlavə borc da var. Bütün borclarla bərabər dövlətin xarici borcu 15 milyard dolları ötür.
Dövlətin və dövlət şirkətlərinin daxili borcu da böyükdür. Dövlətin daxili borcu 2020-ci ildə 1 milyard dollar, dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borc isə 2017-ci ildə 6,8 milyard dollar təşkil edib.
Dövlətin və dövlət şirkətlərinin xarici və daxili cəmi borcu 23 milyard dollardan az deyil. Bu qədər borcun adambaşına düşən hissəsi 2280 dollara bərabərdir.
Qeyd edək ki, hökumətin özü ilə bərabər dövlət şirkətlərinin aldığı borcun da dövlət üçün risk yaratmaq imkanı var. Belə ki, dövlət şirkətləri həmin borcları qaytara bilmədikdə, şirkətlərin sahibi kimi dövlət öz vəsaiti hesabına xarici və daxili borcu qaytarmalıdır.
Vasif
Sfera.az






