Zəngəzur dəhlizi Naxçıvanın inkişafına mühüm töhfə olacaq - Deputat
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir”.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir:
"Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir.
Bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.
Deputat vurğulayıb ki, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək:
"Ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Bütövlükdə, ekonometrik qiymətləndirmələr də göstərir ki, regionun iqtisadi inkişafı davamlı sülhün qorunmasından keçir. İnanaq ki, daha qısa zamanda bütün region ölkələri bu reallığı tam qəbul edəcəklər”.Günay
Sfera.az





