Şəffaflaşdırma vergi və sosial sığorta gəlirlərini artırdı - RƏQƏMLƏR
Bunu, cari ilin yanvar-fevral aylarında vergi və dövlət sosial sığorta ödənişlərinin həcminin artması səbəblərini saytımıza şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib.
Sfera.az xatırladır ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” "Twitter" hesabında ilk 2 ayda daxil olan vergi və dövlət sosial sığorta ödənişləri ilə bağlı paylaşım edib. Nazir bildirib ki, ilkin nəticələr Azərbaycanda biznesin pandemiyadan sonrakı bərpa dövrünə daxil olduğunu göstərir:
"İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft sektorundan əlavə daxilolmalar 84,7 mln. manat təşkil edib".
Bu ilin yanvar-fevral aylarında icbari dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artdığını da bildirən nazir əlavə edib ki, proqnozdan əlavə daxilolma 65,4 mln. manat təşkil edib.
R.Atakişiyev hesab edir ki, vergilərin və sosial sığorta ödənişlərinin artmasına şəffaflaşdırma böyük kömək edib:
"Şəffaflaşdırma dövriyyənin genişlənməsinə və vergi, sosial sığorta ödənişlərinin məbləğinin artmasına imkan yaradır. Sahibkarlıq subyektlərinin təxminən 30 faizi qeyri-rəsmi fəaliyyət göstərib, heç bir yerdə qeydiyyatda olmayıb. Yaxud, elə müəssisələr var ki, əməliyyatlarının bir hissəsini rəsmiləşdirir, digər hissəsi qeyri-rəsmi olur. Rəsmiləşdirilməyən hissənin qeydiyyata alınması ilə əlaqədar vergi və sosial sığorta ödənişlərində artım müşahidə edilir.
Pandemiya dövründə iqtisadiyyatda artım olmasa da, gəlirlərini gizli saxlayanların bir hissəsinin rəsmiləşdirilməsi göstərilərdə müsbət dinamikanın yaranmasına kömək edib”.
Ekspert icbari ödənişlərdə növbəti aylarda artım dinamikasının davam edəcəyini gözləyir:
"Həm şəffaflaşdırma istiqamətində aparılan tədbirlər, həm də məhdudiyyətlərin yumşaldılması göstəricilərin yaxşılaşmasına kömək edəcək”.
Vasif
Sfera.az






