“Xaricdəki azərbaycanlıları qadınla şantaj edərək...” – “Daşnaküstyun”un ələ almaq üsulları
"Ermənilərin bu kimi əməllərini neytrallaşdırmaq üçün soydaşlarımız beynəlxalq təşkilatlarda təmsilçilikdən başqa, orada qərarvericilik səviyyəsinə də çıxmalıdırlar”.
Bu sözləri Sfera.az-a açıqlamasında "Daşnaksütyun” Partiyası və erməni diasporunun bir sıra hallarda xaricdəki soydaşlarımızı ələ almağa cəhd etdikləri barədə iddialara münasibət bildirərkən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova deyib:
"Sözsüz ki, hər bir ölkənin öz maraqları və gizli kəşfiyyata xidmət edən insanları olur. Təmsil olunduğum beynəlxalq təşkilat və şəbəkələrdə bu halların mümkün olmadığına şahidəm. Bilərəkdən xaricdəki hansısa azərbaycanlının bu prosesə qoşulduğunu zənn etmirəm. Amma bilməyərək prosesə qoşulanlar ola bilər. Ancaq düşünürəm ki, bunlar Azərbaycanın təhlükəsizlik orqanlarının kontrolu altındadır. Ermənilərin bu sayaq əməllərini neytrallaşdırmaq üçün soydaşlarımız beynəlxalq təşkilatlarda təmsilçilikdən başqa, orada qərarvericilik səviyyəsinə də çıxmalıdırlar. Amma təəssüf ki, təmsil olunduğum təşkilatlarda qərarverici səviyyəsində bir nəfər də olsun azərbaycanlı yoxdur”.
"İnformasiya əldə etmək, öz adamını müvafiq idarəetmə qurumuna yerləşdirmək və nüfuz agentləri olaraq bəzi soydaşlarımızı "verbovka” edə bilərlər”.
Bunu isə politoloq Fərhad Mehdiyev söyləyib: "Ermənilər öz təbliğatları üçün xaricdə yaşayan bəzi azərbaycanlıları ələ almağa cəhd edə bilərlər. Bu gözləniləndir. "Daşnaksütyun” Partiyası bu zaman əsasən də xaricdə təhsil alan gənclərimizi öz toruna salmağa çalışır. Səmimi əlaqə qurub, sonradan həmin gəncləri qadınla şantaj etməklə ələ almaq cəhdlərində bulunmaları gözləniləndir. Bu yolla gənclərimizdən əsasən nüfuz agenti kimi istifadə edə bilərlər. Belə ki, əməkdaşlığa açıq olanları çətinlik çəkmədən tapmaq mümkündür. Bəzilərindən isə müəyyən mükafatlandırma müqabilində birbaşa cəsus kimi işlətmələri də gözləniləndir. Ermənilər həmçinin xaricdəki soydaşlarımızı "verbovka” edib onlardan informasiya müharibəsində istifadə edə bilər”.
ElçinSfera.az






