Türkiyə ilə ticarət dövriyyəsi 3 dəfə artırılacaq - ŞƏRH
Türkiyə Azərbaycanla xarici ticarət dövriyyəsini bir neçə dəfə artırmağa çalışır.
Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada Türkiyə-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəfdir.
Sfera.az bildirir ki, ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün mövcud potensialın ən azı 3 dəfə artırılması lazımdır. 2020-ci ildə iki ölkə arasında 4,16 milyard dollar olub. Bunun 2,6 milyard dolları Türkiyəyə satış, 1,56 milyard dolları Türkiyədən idxal təşkil edib. 2019-cu ildə xarici ticarət dövriyyəsi 4,51 milyard dollar, 2018-ci ildə 3,4 milyard dollar, 2016-cı ildə 2,31 milyard dollar, 2014-cü ildə 1,79 milyard dollar, 2013-cü ildə 1,99 milyard dollar, 2012-ci ildə 2,12 milyard dollar, 2010-cu ildə 942 milyon dollar olub.
Dinamika göstərir ki, Türkiyə ilə ticarətin həcmi Azərbaycanın ümumi ticarət əməliyyatlarına nisbətən daha böyük sürətlə artır. Buna görə də Türkiyə ilə ticarətin payı yüksəlir. Xarici ticarət dövriyyəsində Türkiyənin payı 2016-cı ildə 10,8 faiz olduğu halda, 2019-cu ildə 13,5 faiz, 2020-ci ildə 17 faiz olub.Türkiyənin Azərbaycana ixrac etdiyi malların çeşidi çoxdur. Demək olar ki, bütün mal növləri üzrə Azərbaycana ixrac həyata keçirilir. İdxal olunan mal qrupları arasında 52 milyon dollarla dərman vasitələri, 40 milyon dollarla yuyucu-təmizləyici vasitələr, 39,6 milyon dollar dəyərində metal konstruksiyalar böyük paya sahibdir.
Məlumatların təhlili göstərir ki, əvvəlki illərdə Türkiyədən Azərbaycana ixracın həcmi daha böyük olsa da, son illərdə üstünlük Azərbaycan tərəfinə keçib. Bunun səbəbi ölkəmizdən təbii qaz, kimya sənayesi məhsulları və pambıq ixracının artmasıdır. Azərbaycan Türkiyəyə 1,9 milyard dollar dəyərində ixrac həyata keçirib. Təbii qaz ixracı cəmi ixracın 73 faizini formalaşdırıb. Ondan başqa əlvan metallar, o cümlədən alüminium, qurğuşun, pambıq, kimya sənayesi məhsulları ixracı da çoxdur. Adıçəkilən mal qruplarının hər biri üzrə ixrac 100 milyon dollardan çox olub.
Yaxın illərdə iki ölkə arasında xarici ticarətin genişləndirilməsinə ən böyük töhfəni təbii qaz ixracının artırılması verəcək. 2020-ci ildə Azərbaycan Türkiyəyə 9,9 milyard kubmetr təbii qaz satıb. Qarşıdakı illərdə ixrac həcminin 16 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Mövcud qiymətlərlə təbii qaz ixracının dəyəri 3 milyard dolları ötəcək. Lakin qiymət artımları da nəzərə alınarsa yalnız qaz ixracı 3,5-4 milyard dollar olacaq. Azərbaycan qazdan başqa kimya sənayesi, neft emalı məhsullarının, metal konstruksiyaların, qida sənayesi məhsullarının, tikinti materiallarının ixracını artıra bilər.
Türkiyənin Azərbaycana ixracını artırmaq imkanı isə daha böyükdür. Gələcəkdə Azərbaycana avtonəqliyyat vasitələrinin, qida sənayesi məhsullarının, kənd təsərrüfatı mallarının, elektrik avadanlıqlarının, məişət texnikalarının və digər mal qruplarının ixracının həcmini artırmaq imkanı var.
İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün ticarət əməliyyatlarının sadələşdirilməsi də mühüm rol oynayacaq. Məsələn, 2019-cu ildə əldə edilən sadələşdirilmiş gömrük dəhlizi razılaşması əvvəlcədən edilən müraciətlər əsasında gömrük yük bəyannamələrinin elektron qaydada həyata keçirilməsinə imkan yaratdı, əlavə olaraq gömrük müayinəsi aparılmadı, analizlərin, nümunələrin götürülməsinə ehtiyac qalmadı. Bu razılaşma xüsusən tranzit yüklərin daşınma sürətini artırdı.
Lakin coğrafi vəziyyət istənilən halda yükdaşımaların daha çox artırılmasını çətinləşdirir, xərcləri artırır. Ölkələr arasında birbaşa təmas olmayanda ticarəti və tranzit yük daşımaları artırmaq daha çətin olur. Bu baxımdan, Qarabağ işğaldan azad ediləndən sonra Naxçıvana dəhlizin açılması, buradan dəmir yol və avtomobil yol xəttinin çəkilməsi mümkün olduqdan sonra Türkiyə ilə Azərbaycaşın birbaşa əlaqəsi yaranacaq. Nəticədə iki ölkə arasında birbaşa sərnişin və yük daşınması dəfələrlə artacaq, nəqliyyat xərcləri ucuz olduğudan turist səfərlərinin sayı kəskin artacaq və bu vəziyyət Türkiyənin Naxçıvana yaxın rayonları ilə ticarəti gücləndirəcək. Artıq sadəcə Naxçıvan əhalisi üçün yox, ümumən Azərbaycan əhalisi üçün ticarət birbaşa dəhliz üzərindən aparılacaq.Vasif`
Sfera.az






