Tikinti materialları bahalaşacaq – “Əhali tikintiyə ayırdığı pulun həcmini...”
Bu il Azərbaycanda tikinti işlərinin genişlənməsi gözlənilir. İşlərin genişlənməsinə bir neçə istiqamət üzrə müsbət dəyişikliklərin baş verməsi köməklik edəcək.
Sfera.az xatırladır ki, ölkəmizdə tikinti işlərinin həcmi bir neçə mənbə üzrə ayrılan vəsaitlərin həcmindən asılıdır. Ölkəmizdə əsas investisiya mənbələri müəssisə və təşkilatlar, dövlət büdcəsi, banklar və əhalinin şəxsi xərcləridir. Həmin mənbələr üzrə ayrılan vəsaitlərin həcmi azalanda tikinti işləri azalır, vəsaitin həcmi artdıqda isə işlərin həcmi böyüyür.
Bu mənbələr üzrə tikintiyə ayrılan vəsait cəmi xərclərin 90 faizini təşkil edir. 2020-ci ildə adıçəkilən mənbələr üzrə xərclər azaldığından tikinti işlərinin həcmi 8,3 faiz kiçildi.
2021-ci ildə vəziyyət dəyişəcək. İlk növbədə dövlət büdcəsinin xərcləri artacaq. Qəbul edilən büdcә sənədinə әsasәn cari ildә dövlәt büdcәsi xәrclәri 2020-ci ilә nәzәrәn 3,8 faiz, o cümlәdәn әsaslı xәrclәr 7,9 faiz artırılacaq. Ötən il dövlət büdcəsindən tikinti sektoruna 4,7 milyard manat ayrılmışdı.
Bank kreditlərində də artım proqnozlaşdırılır. 2020-ci ildə iqtisadi fəaliyyətə məhdudiyyətlərin olması, eyni zamanda xarici valyutaya artan tələb səbəbindən biznes sektoruna kredit qoyuluşu azaldıldı. Lakin bu il vəziyyət 180 dərəcə dəyişəcək. Gözlənilir ki, ikinci rübdən xüsusi karantin rejimi xeyli dərəcədə yumşaldılacaq və iqtisadi aktivlik artacaq. Bu il həm də neft qiymətlərinin pandemiyadan əvvəlki səviyyə qayıdışı xarici valyutalara olan tələbi zəiflədəcək. Hər iki amil banklara imkan verəcək ki, daha çox kredit ayırsın.
Əhalinin xərclərində də artım gözlənilir. Ötən il əhalinin həm real, həm də nominal gəlirlərində azalma olduğundan tikinti işlərinə xərclənən vəsait azaldı. Əhali tikintiyə ayırdığı pulun həcmini 2020-ci ildə 22 faiz azaldıb. Bu il bank kreditlərinin artması, büdcə xərclərinin yüksəlməsi, həm də gəlir mənbələri üzrə mədaxilin artması ehtimalı yüksək olduğundan proqnozlaşdırmaq olar ki, əhalinin şəxsi vəsaitləri hesabına görülən tikinti işlərinin həcmi artsın.Müəssisə və təşkilatların ayırdığı vəsaitlərin həcmində də artım ehtimalı yüksəkdir. Ötən il bu mənbə üzrə tikintiyə ayrılan vəsait 5,9 faiz azalmışdı.
Məhdudiyyətlərin çox olması həm özəl, həm də dövlət müəssisələrinin sərmayə qoyuluşunu artırmağa imkan vermədi. Bu il karantinin yumşaldılması və işğaldan azad edilən ərazilərə əlavə sərmayə imkanlarının yaranması müəssisə və təşkilatların ayırdığı vəsaitlərin həcminə müsbət təsir göstərəcək.
Xüsusi karantin rejimi tikinti işlərinin həcminə birbaşa təsir imkanına sahibdir. 2021-ci ilin yanvarında da xüsusi karantin rejimi qaldığından tikinti sektorunun həcmi kiçilib. Yanvarda 724 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz az vəsait tikintiyə yönəldilib. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 15,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 38,8 faiz azalıb.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7 faiz, bank kreditləri 16,3 faiz, əhalinin şəxsi vəsaitləri 8,5 faiz, büdcə vəsaitləri 2,7 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.
2021-ci ildə tikinti işlərinin aprel ayından başlayaraq genişləndirilməsi gözlənilir. Tikinti işlərinin genişləndirilməsi tikinti materiallarına olan tələbi artıracaq. Tələbin artması bir tərəfdən tikinti materiallarının istehsal göstəricilərini yaxşılaşdıracaq, digər tərəfdən isə tikinti materiallarının bahalaşmasına səbəb olacaq.
Ötən il tikinti materiallarının istehsalında cüzi azalma qeydə alınıb. Bu il iş həcminin artması ilə əlaqədar tikinti materiallarının istehsalı artacaq.İnşaat materiallarının bahalaşması ehtimalı da güclüdür. 2021-ci ildə bu növ mallar 1,6 faiz bahalaşıb. Bu, tikintinin həcminin kiçilməsi fonunda baş verib. Amma 2021-ci ildə iş həcmi artacağından tikinti materiallarının qiymətinin daha çox yüksələcəyini proqnozlaşdırmaq mümkündür.
Vasif
Sfera.az






