“Bu formata qoşulsaq, Moskva ilə problemlərimiz yaranacaq” - Politoloq
Polşa mətbuatı siyasi kluarlarda geniş müzakirələrə səbəb olmuş iddia ilə çıxış edib. Həmin iddiaya görə Vaşinqtonun istəyilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır. GUAM çərçivəsində adıçəkilən ölkələrlə bir yerdə olan Azərbaycanın da gələcəkdə həmin ittifaqda təmsil olunması nə dərəcədə realdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq İlqar Vəlizadənin fikrincə, sözügedən 3-lük hərbi ittifaqına qoşulmağımız ölkəmizə müsbət heç nə verməyəcək:
"Bu 3 ölkə parlamentləri vaxtilə əməkdaşlıq formatı yaradıblar. Bundan başqa, həmin 3 ölkə Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. İndi isə bu əməkdaşlıq hərbi-siyasi sferaya qədər dərinləşməkdədir. Azərbaycan tərəfi isə nə bu 3 ölkənin parlamentlərarası formatının formalaşmasında, nə də digər bu kimi formatlarda iştirak etmir”.
Politoloq Bakının haqqında danışılan hərbi ittifaqda iştirak edəcəyini düşünmür: "Orada olmağımız ölkəmizə nə verəcək ki? Bu açıq şəkildə Rusiyaya qarşı yönələn bir formatdır. Daha doğrusu, sözügedən formatı yaratmaqla 3 ölkə Moskvadan gələn təhdidləri birgə dəf etmək məqsədi güdür. Tiflis, Kiyev və Kişinyov həm də NATO və Avropa İttifaqına üzv olmaq istəyir. Yəni, prinsipial baxımdan bu məsələdə mövqelərimiz 3 ölkə ilə üst-üstə düşmür. Belə vəziyyətdə isə əlbəttə ki, sözügedən platformada təmsil oluna bilmərik”.
İ. Vəlizadə bildirib ki, Bakı bu formatda yer alsa, Rusiya ilə problemlər yaşana bilər:
"Azərbaycan nə Aİ-nin, nə də NATO-nun üzvü olmaq niyyətində deyil. Nə də birbaşa Rusiya ilə heç bir hərbi-siyasi problemimiz yoxdur. Problemimiz yalnız Ermənistanladır. Amma bu formata qoşulsaq, Moskva ilə problemlərimiz yaranacaq. İndiki regional reallıqda isə bu vəziyyət ölkəmizə müsbət heç nə verməyəcək”.Elçin
Sfera.az






