Co Bayden “907-ci düzəliş”i ləğv edəcəkmi? - Açıqlama
"Ləğv etsələr yaxşı olar, amma indiki durumda bu məsələ ölkəmiz üçün həyati əhəmiyyət kəsb etmir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Co Bayden adminstrasiyasının 1992-ci ildən bəri Azərbaycana qarşı yönələn "907-ci düzəliş”i nəhayət tam aradan qaldırıb-qaldırmayacağına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, "907-ci düzəliş”in qalıb-qalmamasının ölkəmiz üçün artıq heç bir əhəmiyyəti qalmayıb:
"Həmin aktın Azərbaycana qarşı yönələn addım olaraq düşünüldüyü hər kəsə bəlli idi. Amma Azərbaycan bu qadağaya rəğmən özünü ayaqda tuta bildi və daha da gücləndi. Ona görə də "907-ci düzəliş”in ləğvi ölkəmiz üçün yaxşı olardı, amma bu indiki vəziyyətdə ölkəmiz üçün həyati əhəmiyyət daşımır”.
Deputatın fikrincə, indiki şərtlər daxilində düzəlişin ləğvi ölkəmizə müxtəlif şərtlər bahasına başa gələ bilər: "Ona görə də həmin məsələni əhəmiyyətli məsələyə çevirməyin adı yoxdur. Ləğv edərlərsə, ona münasibətdə davranışımızı da müəyyənləşdirərik. Ləğv etməsələr də əvvəlki qaydada güclənməkdə davam etməliyik”.Elçin
Sfera.az





