Azərbaycan-İtaliya universitetində hansı ixtisaslar olmalıdır? – Ekspert perspektivlərdən danışdı
Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin təsis ediləcəyini açıqladı.
Maraqlıdır, bu universitetin Azərbaycan təhsil sisteminə nə kimi müsbət təsirləri olacaq?
Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov ölkədə bəzi ixtisasların inkişaf edəcəyini diqqətə çatdırdı:
"İlk növbədə qeyd edim ki, İtaliya universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Bundan başqa hazırda İtaliyada 5 min azərbaycanlı gənc ali təhsil alır. Bütün sahələrdə Azərbaycanla əməkdaşlıq münasibətində olan ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsi yaradılması müsbət tendensiyadır. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və İtaliya birgə universitet yarada bilər. Azərbaycan-İtaliya birgə universitetində dizayn, turizm, IKT kimi ixtisasların yaradılmasına ehtiyac var. Çünki İtaliya universitetləri bu istiqamətdə çox inkişaf ediblər".
Təhsil eksperti Boloniya, Milan kimi universitetlərlə birgə ali təhsil müəssisəsinin yaradılması məsələsinin də reallaşa biləcəyini qeyd edib:
"Bir vacib məqamı da qeyd edim ki, Azərbaycanın birgə universitet təsis etmək təcrübəsi var. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. İtaliya və Azərbaycanda təhsil sahəsində son illər ciddi islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-İtaliya birgə ali məktəbin yaradılmasına dair danışıqlar nüfuzlu Boloniya, Milan kimi universitetlər ilə birgə universitetin yaradılmasına gətirib çıxaracaq”.
Ekspert bildirib ki, xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər:
"Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.
Xüsusi qeyd etmək lazımdır ki, bu kadrlar daha çox memarlıq, dizayn, turizm, nəqliyyat, IKT kimi sahələrə yeni, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına gətirib çıxaracaq. İtaliya universitetlərinin bu sahədə böyük təcrübəsi və uğurları var".
Sfera.az
Əzizə Zeynal






