İtaliya ilə əməkdaşlıq qeyri neft-qaz sənayesində 12,5 faizlik böyümə vəd edir
Son 3 ildə Azərbaycanın qeyri neft-qaz sənayesində sürətli böyümə müşahidə edilir.
Əvvəlki illərdə qeyri neft-qaz sənayesində atılan təməl daşlarının güclü olması, strateji məqsədləri güdən layihələrin həyata keçirilməsi qeyri-enerji sənayesində sürətli artımı şərtləndirib.
2018-ci ilə qədər qeyri-enerji sənayesində də davamlı böyümə qeydə alınırdı. Lakin böyümə sürəti ən yaxşı halda 6-7 faizi ötmürdü. 2015-ci ildən sonra atılan addımlar qeyri neft-qaz sənayesində sürətli böyümənin əsasını qoydu.
Sfera.az xatırladır ki, qeyri-enerji sənayesi 2018-ci ildə 9,1 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 12,5 faiz böyüyüb. Ötən il pandemiya səbəbindən iqtisadiyyatın 4,3 faiz kiçilməsinə baxmayaraq qeyri neft-qaz sənayesinin12,5 faiz böyüməsi bu sahədə atılan addımların səmərəli olmasından xəbər verir.Enerji sektoruna aid olmayan sənaye sahələrinin inkişafında emal sənayesinin böyük rolu var. 2020-ci ildə emal sənayesi 11,5 faiz böyüdüyü halda qeyri neft-qaz emal sənayesində böyümə sürəti 18 faiz təşkil edib. 2019-cu ildə qeyri neft-qaz emal sənayesi 18,6 faiz böyümüşdü.
Qeyri neft-qaz sənayesinin inkişafı proqram layihələri əsasında təmin edilir. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xüsusilər əhəmiyyətli olub. Bu proqram sənayenin modernləşdirilməsini, strukturunun təkmilləşdirilməsini, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi kimi hədəfləri müəyyənləşdirib. Ötən ildə atılan addımların sayəsində artıq qeyri neft-qaz sənayesi, xüsusən də emal bölməsi sürətli böyümə mərhələsinə keçib.
Sənayeleşmənin inkişafında xarici ölkə və şirkətlərlə əməkdaşlıq da böyük önəm kəsb edir. Yeni texnologiyaların cəlb edilməsində, qabaqcıl təcrübənin öyrənilməsində bu cür əməkdaşlıqlar önəmlidir.
Azərbaycanın qeyri neft-qaz sənayesinin inkişafı üçün əməkdaşlıq etdiyi ölkələr arasında İtaliyanın adını ayrıca qeyd etmək olar. Əvvəllər İtaliya ilə əməkdaşlıq yalnız neft sektoru ilə əlaqəli idi. İtaliya Azərbaycandan ən çox neft alan ölkədir və ixracımızın böyük hissəsi İtaliyanın payına düşür. Ancaq son illərdə İtaliya ilə əməkdaşlıqda qeyri neft-qaz emal sənaye müəssisələrinin yaradılması da ön plana çıxır.
Bunun ən bariz nümunələrindən biri 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışını qeyd etmək olar. Açılış mərasimində İtaliya Prezidenti Sercio Mattarella şəxsən iştirak edib.
Bütün inşaat işlərini İtaliya şirkəti olan "Maire Tecnimont” aparmışdı. İtaliyanın köməkliyi ilə polipropilen və polietilen zavodları inşa olundu. İki müəssisənin istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artdı. Hər iki zavodda il ərzində 300 min ton məhsul istehsal olunur və məhsulun 70 faizi xarici bazarlara ixrac edilir.
Azərbaycan İtaliyanın "Danieli" şirkəti ilə birgə Sumqayıtda daha bir böyük layihəni həyata keçirir. Layihəyə əsasən Sumqayıtda 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək.Vasif
Sfera.az






