Mərkəzi Bank kommersiya banklarına kreditləri niyə artırıb? – 2016-cı ildə də belə olmuşdu...
2020-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yenidәn maliyyәlәşdirmә çərçivəsində kommersiya banklarına verilən kreditlərin məbləği kəskin şəkildə artıb. 2019-cu ilin sonunda kommersiya banklarının Mərkəzi Banka borcu 682 milyon manat olduğu halda 2020-ci ilin sonunda borc məbləği 1,025 milyard manata yüksəlib. İl ərzində kommersiya banklarına verilən kredit 343 milyon manat və ya 50,3 faiz artıb.
Sfera.az bildirir ki, yenidәn maliyyәlәşdirmә əməliyyatı Mərkəzi Bank tərəfindən kommersiya banklarının likvidlik ehtiyaclarının ödənilməsi məqsədilə müəyyən edilmiş qaydalara uyğun şəkildə kreditlərin verilməsidir. Mərkəzi Bank o halda kreditlərin həcmini artırır ki, bankların likvid vəsaitlərə, yəni sərbəst pul vəsaitinə ehtiyacı artır. 2020-ci ildə pandemiya ilə əlaqədar əmanətlərin və depozitlərin azalması, iqtisadi fəallığın zəifləməsi, gəlirlərin azalması səbəbindən bankların likvidliyi bir qədər pisləşib. Buna görə də ötən il Mərkəzi Banka müraciətlər artıb.
Mərkəzi Bank kommersiya banklarına krediti uçot dərəcəsi ilə verir. 2019-cu ilin sonunda uçot dərəcəsi 7,5 faiz olduğu halda 2020-ci ilin sonunda 6,25 faizə düşüb. Uçot dərəcəsinin enməsi bankların cəlb etdiyi yenidәn maliyyәlәşdirmә kreditlərinin ucuzlaşmasına imkan yaradıb.
Xatırladaq ki, 2014-2016-cı illərdə də iqtisadi çətinliklərlə əlaqədar kommersiya bankları Mərkəzi Bankdan kredit cəlbini artırıb. Yenidәn maliyyәlәşdirmә kreditləri 2014-cü ildə 3,22 milyard manat, 2015-ci ildə 6,16 milyard manat, 2016-cı ildə 2,04 milyard manat olub. 2019-cu ildə isə bu cür kreditlər 682 milyon manata qədər azalmışdı.
Vasif
Sfera.az






