“Tarif Şurası konstitusion orqan deyil” – Ləğv edilsin, ya edilməsin?
"Ləğv edilib-edilməməsinin mənası yoxdur, sadəcə yeni yanaşmaya, yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimlinin Tarif Şurasının ləğv edilməsi təklifinə münasibət bildirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
"Tarif Şurası qərarverici deyil, qərarları elanedici orqandır. Qərarlar verilir, Tarif Şurası da onu elan edir. Bu qurum konstitusion orqan da deyil. Büdcəyə təsir edəcək qərarların alınmasında əsas mərkəz parlament olmalıdır”.
Ekspert bildirib ki, Tarif Şurası Konstitusiyadakı müddəaya uyğun gəlməyən orqandır:
"Büdcənin gəlir və xərc hissəsinə təsir edə biləcək qərarlar alınırsa, bu Milli Məclis tərəfindən ya ratifikasiya olunmalı, ya da parlament tərəfindən qəbul edilməlidir. Bu anlamda Tarif Şurası Konstitusiyadakı müddəaya uyğun gəlməyən orqandır. Onun ləğv edilib, edilməməsinin fərqi yoxdur. Əksinə, onun qanun çərçivəsinə salınması daha mühüm əhəmiyyətə malikdir.
İnhisarçıların qiymət artımı hansısa qanunvericilik aktı ilə tənzimlənməlidir. Heç bir təbii inhisarçı, dövlət şirkəti tərəfindən birdən -birə iki dəfəyə qədər qiymət artımı ilə bağlı qərar verilməməlidir.
Bu mənada Tarif Şurasının işində yeni yanaşmaya, yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var”.
Elçin
Sfera.az






