İstehlak kreditləri haqqında qanun niyə qəbul edilmir? – AÇIQLAMA
Azərbaycanda uzun müddətdir ki, istehlak kreditləri haqqında ayrıca qanunun qəbul edilməsi təklif olunur. Müxtəlif təkliflərə baxmayaraq qanun qəbul edilmir.
Halbuki, ölkəmizdə istehlakçı hüquqlarının qorunması sahəsində mühüm məsələlərdən biri də kreditlərlə bağlıdır. İstehlak krediti götürənlərin sayının artması onların hüquqlarının qorunması məsələsini də aktuallaşır.
Sfera.az saytına açıqlama verən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, istehlak kreditləri haqqında qanunun qəbulunu zəruri edən səbəblər çoxdur.
Onun fikrincə, sadə insanların maliyyə savadının olmaması, bağlanan müqavilələri oxumaması, kredit verən təşkilatlar tərəfindən müqavilə sənədinin birtərəfli hazırlanması belə bir qanunun qəbulunu zəruri edir:
"İnsanların böyük əksəriyyətinin maliyyə savadı yoxdur. Bu, normal bir haldır və insanlardan maliyyə savadının olmasını tələb etmək düzgün deyil. Kredit verən tərəf olan banklar, digər kredit təşkilatları isə bu sahənin peşəkarlarıdır. Buna görə də onlar maliyyə işlərini daha yaxşı bilir, sadə insanlar isə yox.Digər tərəfdən də insanlar bağladığı müqaviləni oxumur. Bu hal yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində müşahidə edilir. Təcrübə göstərir ki, sığorta, mal alışı ilə bağlı müqavilələrini də sadə insanlar oxumur, məzmunundan xəbəri olmur.
Belə bir vəziyyətdə Mülki Məcəllə müqavilə azadlığı prinsipinə icazə verir. Bu prinsipə əsasən kredit təşkilatları müqavilə hazırlayan zaman qanuna zidd olmayan istənilən şərti sənədə daxil edə bilər. Buna görə də müqaviləyə özlərinə sərf edən istənilən şərti daxil edirlər. Sonra problem yarananda məhkəmələr kredit götürənə müqavilə sənədinə qol çəkdiyini xatırladır.
Yaranmış mövcud vəziyyət istehlakçının hüquqlarını qorumaq üçün istehlak kreditləri haqqında qanunun olması zərurətini yaradır. Hazırda dünyanın bir çox ölkəsində belə bir qanun var.
Qanunda kredit müqaviləsinin şərtlərinin necə olacağı müəyyənləşdirilir və istənilən şərti müqaviləyə salmağa icazə verilmir. Qanun deyir ki, vətəndaşlarla bağlanan müqavilə müəyyənləşdirilən çərçivədə olmalıdır, əlavə bənd salmaq olmaz. Əgər hansısa əlavə şərt daxil edilirsə, problem yarananda həmin bənd qanuna zidd hesab edilir”.
Ə.Həsənov qanunun qəbul edilməməsini bankların etiraz etməsi ilə əlaqələndirdi: "Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda banklar istehlak kreditləri haqqında qanunun olmasını istəmir. 2014-cü ildə öncə mən və alman hüquq professoru Piter Kreps Almaniyanın GİZ təşkilatının layihəsi çərçivəsində Mülki Məcəlləyə belə bir dəyişiklik layihəsini hazırlamışdıq. 2014-cü ilin əvvəlində GİZ bu layihəni hökumətə təqdim edib və Nazirlər Kabineti rəy almaq üçün layihəni müvafiq təşkilatlara göndərilib.
Layihəyə əsasən Mülki Məcəllənin 39-cu fəslinə əlavə və dəyişikliklər edilməli idi. "Borc” adlanan 39-cu Fəsil yenidən işlənmişdi və bura 3 paraqraf əlavə edilmişdi. Yeni əlavə edilən 3-cü və ən böyük paraqraf isə "İstehlak kreditləri” adlanırdı.
Mülki Məcəlləyə təklif edilən bu dəyişiklik bankların xoşuna gəlmədi. İstehlak kreditləri ilə bağlı ayrıca qanunun və ya Mülki Məcəllədə bölmənin olmasına banklar qarşı çıxırlar.
Qanunvericilikdə müqavilənin forması da əksini tapır. Məsələn, bizim hazırladığımız layihədə müqavilənin 12 şriftdən kiçik olmaması təklif edilirdi. Şrift xırda olduqda istehlak kreditini götürən onu oxumağa səbri çatmır, yaxud vacib nüanslar diqqətindən yayına bilir. Müqavilədə faiz, müddət, cərimə, valyuta elə yazılmalıdır ki, digərlərindən aydın seçilsin. İstehlakçı bütün müqaviləni oxumur.
Qanun layihəsi 2014-cü ildən sonra 2 dəfə baxılıb, mənim fikrim öyrənilib. Hətta Ədliyyə Nazirliyi son layihəni hazırlayıb və ora istehlakçıların hüquqlarının qorunması ilə bağlı bankların xoşuna gəlməyən daha sərt bəndlər əlavə edib. Bizim hazırladığımız layihə dünyanın əksər ölkələrində olan qanunlardan daha yumşaqdır”.Vasif
Sfera.az






