“Onlar hərbi əsir deyil və məhkəmə qarşısına çıxarılacaqlar” – Hüquqşünas rəyi
Əliməmməd Nuriyev: "O yerdə ki, terrorçu dəstələr var, heç bir halda onlar müdafiə oluna, qorunma altına düşə bilməzlər”.
Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirib. Bəzi erməni rəsmiləri Azərbaycanda 62 nəfər erməni hərbi əsirinin olduğundan danışır. Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edir.
Əsirlərlə bağlı düşmən ölkədə bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir.
Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri "hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur. Söhbət 10 noyabr Bəyanatından sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir. Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməz.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sfera.az-a bildirib ki, 10 noyabr tarixindən sonra diversiya, terror törətmək üçün ölkəmizə göndərilən ermənilər heç bir halda hərbi əsir sayıla bilməzlər: "Beynəlxalq humanitar hüquq, Cenevrə Konvensiyası və əsirlərin, girovların müdafiəsi haqqında Konvensiyada yalnız müharibə zamanı əsir və girov düşənlərin dəyişdirilməsi, geri qaytarılmasından bəhs edilir. Azərbaycan beynəlxalq humanitar hüquqa, eyni zamanda 10 noyabr anlaşmasına uyğun olaraq döyüş əməliyyatları zamanı əsir götürülən bütün şəxsləri geri qaytarıb, meyitləri təhvil verib. Yəni, Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və məsələ bununla bitib.
Ancaq 10 noyabrdan sonra Azərbaycana diversiya, terror törətmək məqsədilə gətirilən ermənilər həbs edilib. Onlar heç bir halda hərbi əsir sayıla bilməz. Çünki müharibə başa çatandan sonra törətdikləri qanunsuzluğa görə həbs ediliblər. Onlar cinayət edib. Qanunsuz olaraq Azərbaycan ərazisinə gəliblər. Bir çox əsgərlərimizin həlak olmasında iştirak ediblər”.
Həmsöhbətimiz hesab edir ki, bu şəxslər qanuna müvafiq olaraq məsuliyyətə cəlb ediləcəklər: "11 yanvar danışıqlarında da bu məsələyə münasibət bildirilərkən qeyd olundu ki, bu şəxslər hərbi əsir kimi qiymətləndirilə bilməzlər. Azərbaycan yalnız gələcəkdə onlar barədə ölkə qanunvericiliyinə müvafiq olaraq düşünə bilər. O yerdə ki, terrorçu dəstələr var, heç bir halda onlar müdafiə oluna, qorunma altına düşə bilməzlər. Bu şəxslər Azərbaycan qanunlarına uyğun olaraq müharibə əleyhinə cinayətlərə, terror və diversiya fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Elçin
Sfera.az






