Logo

Əhalinin gəliri enerji tariflərinə nisbətən daha sürətlə artır - TƏHLİL

Əhalinin gəliri enerji tariflərinə nisbətən daha sürətlə artır - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin yanvarın 5-dən ölkəmizdə Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı üçün yeni pərakəndə satış qiymətləri müəyyənləşdirilib. Tarif (qiymət) Şurasının qərarı ilə bir litr Aİ-92 markalı benzinin qiyməti 10 qəpik, dizel yanacağının qiyməti 20 qəpik qaldırılıb. Hazırda Aİ-92 benzini 1 manata, dizel yanacağı 80 qəpiyə satılır.

Bu qərarla bağlı əsas müzakirə mövzusu yanacağın qiymətindəki artımın əhalinin gəlirlərinə mütənasibliyi və qərarın ekoloji dəyişikliklərə nə dərəcədə təsir etməsi ilə bağlıdır.

Sfera.az xatırladır ki, Aİ-92 markalı avtomobil yanacağının qiyməti sonuncu dəfə 2017-ci ildə, dizel yanacağının qiyməti 2013-cü ildə artırılmışdı. 2013-cü ildə dizel yanacağı ilə bərabər Aİ-92 benzini də bahalaşdırıldı. Həmin ildə dizel yanacağının qiyməti 60 qəpik, Aİ-92 benzininin qiyməti 70 qəpik oldu. 2017-ci ildə dizel yanacağının qiyməti sabit saxlanılaraq benzinin qiyməti 90 qəpiyə qaldırıldı.

Aparılan müqayisələr göstərir ki, ötən dövr ərzində ölkə əhalisinin alıcılıq qabiliyyəti artıb və hazırkı gəlirlərlə avtomobil sahibləri daha çox yanacaq almaq imkanına sahibdir. 2013-cü ildə orta əmək haqqı 425,1 manat idi. Həmin dövrdə vergi və sosial sığorta ödənişlərini çıxdıqda maaş alanın sərəncamında 374,5 manat qalırdı. Bu pulla 624 litr dizel yanacağı və ya 535 litr Aİ-92 benzini almaq mümkün idi.

2017-ci ildə orta əmək haqqı 528,5 manata, vergi və sosial sığorta ödənişləri çıxıldıqdan sonra təmiz maaş 460 manata yüksəldi. Həmin tarixdə orta əmək haqqı ilə 766 litr dizel yanacağı, yaxud 511 litr benzin almaq olardı.

2020-ci ilin sonunda orta əmək haqqı 704 manata, icbari ödənişlər çıxıldıqdan sonra təmiz maaş 637 manata yüksəldi. Bu vəsaitlə 797 litr dizel yanacağı, 637 litr benzin almaq mümkündür.

2013-2020-ci illərin müqayisəsi göstərir ki, indi orta əmək haqqı ilə 173 litr çox dizel yanacağı, 102 litr çox benzin almaq olar. Amma nəzərə alsaq ki, əmək haqqında artım davam edir və yanacağın qiyməti bir neçə il sabit qalacaq, o halda avtomobil sahibləri gələcəkdə daha çox yanacaq almaq imkanı qazanacaq.

Onu da əlavə edək ki, hökumət vacib əmtəələrin qiymətində artıma gedən zaman əhalinin gəlirlərindəki dəyişikliyi nəzərə alır. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 %, pensiyalar 73 %, əhalinin gəlirləri isə 47 faiz artıb. Bu artımlar böyük olduğundan qiymətləri dövlət tərəfindən tənzimlənən əmtəə və xidmətlərin bahalaşdırılması əhalinin alıcılıq qabiliyyətini zəiflətməyib.

Yanacağın, xüsusən də dizel yanacağının bahalaşdırılmasını zəruri edən digər mühüm səbəb ekoloji tələblərə uyğunlaşmaqdır. Atmosferə atılan zərərli qazların daha çox hissəsi avtonəqliyyat vasitələrindən atılır. Rəsmi məlumatlara əsasən, atmosfer havasına atılan çirkləndici maddələrin miqdarı 1,11 milyon ton olub. Bunun 945 min tonu avtonəqliyyat vasitələrindən, qalanı stasionar mənbələrdən atılıb. 1990-cı ildə avtonəqliyyat vasitələrindən 740 min ton, stasionar mənbələrdən 2,1 milyon ton çirkləndirici maddələr atılırdı.

Mövcud vəziyyət hökumətdən yanacağın keyfiyyətinin yaxşılaşdırılmasını və ilk növbədə dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrinin sayının, eyni zamanda istifadə intensivliyinin azaldılmasını tələb edir. Bu məqsədlə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri aparılır. 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Yenidənqurma və modernləşdirmə işləri böyük vəsait tələb edir və buna görə də yanacağın qiymətinin optimallaşdırılması xərclərin maliyyələşdirilməsinin yaxşılaşdırılması baxımından vacibdir.

Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb. Hazırda minik avtomobillərinin təxminən 6,7 faizi dizel mühərriki ilə təmin edilən maşınlardır. Dizellə çalışan maşınların sayı az olsa da onların əksəriyyətinin köhnə olması səbəbindən atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı daha çoxdur. Təxminən çirkləndirici maddələrin 40 faizə qədəri məhz sayı az olan dizel maşınlarından atılır. Buna görə də qiymət fərqinin aradan qaldırılması dizel avtomobillərindən istifadəni azaldacaq.

Ümumilikdə, hökumətdə tariflərin tənzimlənməsinə mühafizəkar yanaşma var. Hökumət mümkün olduğu qədər enerji tariflərini aşağı səviyyədə saxlayır və yalnız zəruri hallarda əhalinin gəlirindəki artım nəzərə alınaraq qiymət artımlarına gedilir. Bu hal əhalinin alıcılıq qabiliyyətinin davamlı artmasına və gəlirlərlə müqayisədə daha ucuz enerji vasitəsi əldə etməyə imkan yaradır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR