Bu il neft qiymətləri üzümüzü güldürəcək - TƏHLİL
2021-ci ildə Azərbaycan iqtisadiyyatı üçün müsbət hadisələrdən biri neft-qaz sektorunda maliyyə vəziyyətinin yaxşılaşması ilə bağlı olacaq. Bu il neft qiymətlərinin yüksələcəyi, neftin bahalaşması ilə əlaqədar təbii qazın da bahalaşacağı, eyni zamanda neft və qaz hasilatında artımların olacağı proqnozlaşdırılır.
Proqnozlar özünü doğruldacağı təqdirdə 2021-ci ildə neft-qaz sektorunun nominal dəyəri yüksələcək, ixracdan əldə edəcəyimiz gəlirlər artacaq, Dövlət Neft Fondunun büdcəsində kəsir azalacaq, hətta kəsirin profisitlə əvəzlənməsi baş verəcək, dövlət büdcəsinin neft-qaz sektoru üzrə vergi gəlirləri artacaq.
2020-ci ilin yanvar-noyabr aylarına aid olan məlumata əsasən "Brent” markalı neftin orta qiyməti 41 dollar təşkil edib. Dekabr ayında orta qiymətin 48 dollara yaxın olduğu nəzərə alınarsa, 12 ay ərzində orta qiymətin 41,5 dollar olduğunu təxmin etmək mümkündür.
2021-ci ildə qlobal iqtisadiyyatla bağlı ümidverici xəbərlər gəlir və bu xəbərlərə istinad edərək deyə bilərik ki, cari ildə neftin dəyəri ötən ilə nisbətən yüksək olacaq. Ümidverici xəbərləri yaradan əsas yenilik Covid-19 virusuna qarşı peyvəndin tətbiqinin genişlənməsidir. Məlumatlara əsasən, ilin birinci rübündən əksər ölkələr peyvənddən istifadə etməyə başlayacaq. Peyvənddən kütləvi istifadənin başlanması ikinci rübdən sərt karantinin yumşaldılmasına, iyundan isə karantinin tam aradan qaldırılmasına imkan yaradacaq.
Karantinin olmaması ölkə daxili və ölkələr arasında sərnişin dövriyyəsinin artmasına səbəb olacaq. Sərnişin dövriyyəsinin artması yanacağa və bununla bağlı olaraq neftə tələbi artıracaq.
Bu il neftə tələbin artacağını OPEC də proqnozlaşdırır. Qurum 2021-ci ildə neftə sutkalıq tələbin 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir. Gündəlik tələbin artması fonunda gündəlik hasilat daha böyük sürətlə artmayacağı təqdirdə, neft qiymətlərində yüksəliş qaçınılmaz olacaq. Proqnozlara əsasən bu il "Brent” neftinin qiymətinin 55-60 dollar səviyyəsinə yüksəlməsi realdır.
Neftin qiymətinin yüksəlməsi neft hasilatının artırılmasına da səbəb olacaq. OPEC+ razılaşmasına əsasən neftə gündəlik tələb artdıqca gündəlik hasilatın hər ay 0,5 milyon barelə qədər artırılması gözlənilir. Bu halda Azərbaycanın da gündəlik hasilatı ilboyu artırması mümkündür. Həm neftin bahalaşması, həm də gündəlik hasilatın artması ölkəmizin neft ixracından daha çox gəlir əldə etməsinə şərait yaradacaq.
Dövlət Neft Fondunun büdcəsinə əsasən, 2021-ci ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə ediləcək xalis gəlir 6,44 milyon manat olacaq. Gəlir proqnoz hazırlanan zaman neftin orta qiyməti 40 dollardan, gündəlik hasilat isə 2020-ci ilin dekabrında olan göstəriciyə əsasən götürülüb. Gündəlik tələbin artması qiymətlə bərabər hasilatın da artırılmasına imkan verəcək.
Buna görə də yeni şəraitdə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edəcəyi xalis gəlir daha çox ola bilər. Əgər neftin orta qiyməti 55 dollar olarsa və gündəlik hasilat 10 faiz artırılarsa, karbohidrogenlərin satışından xalis gəlir 11 milyard manatı keçməsi mümkündür. Azərbaycan tərəfinə ödəniləcək bonusu (776 milyon manat), Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəliri (760 milyon manat) nəzərə alsaq Fondun illik gəliri proqnozda olduğu kimi 8 milyard yox, 12,5 milyard manat ola bilər.
Neftin bahalaşması və daha çox neftin ixrac edilməsi dövlət büdcəsinin Hasilatın Pay Bölgüsü sazişlərindən alınan mənfəət vergisini də artıracaq. Aşağı hasilat göstərici və aşağı qiymətlə il ərzində 440 milyon manat vergi alınması planlaşdırılır. Ancaq hasilatın artması və qiymətlərin yüksəlməsi fonunda alınacaq verginin məbləği də artacaq.
Neftin bahalaşması təbii qazın ixrac qiymətlərinə də müsbət təsir göstərəcək. Bu şərt daxilində Azərbaycanın qaz ixracından gəlirinin yüksələcəyi ehtimalı böyükdür.
Neft və qaz ixracının artması tədiyə balansının vəziyyətinin yaxşılaşmasına, dollar/manat kursu ilə bağlı gərginliyin azalmasına da kömək edəcək. Beləliklə, 2021-ci ildə neft bazarında həm tələbın, həm də qiymətlərin əlverişli səviyyə yüksəlməsi gözləntisi Azərbaycana bir çox istiqamət üzrə fayda gətirəcək və ölkəmizin makroiqtisadi dayanıqlılığını yaxşılaşdıracaq.
Vasif
Sfera.az






