Avtomobil yanacağının bahalaşmasını zəruri edən səbəblər - TƏHLİL
Tarif (qiymət) Şurasının qərarına əsasən 5 yanvar 2021-ci il tarixindən Aİ-92 markalı avtomobil benzinin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb. Qərara əsasən Aİ-92 markalı avtomobil benzinin bir litrinin qiyməti 10 qəpik və ya 11,11 faiz artırılaraq 1 manata, dizel yanacağının bir litrinin qiyməti 20 qəpik, yaxud 33,33 faiz artırılaraq 80 qəpiyə çatdırılıb.
Tarif Şurası bildirir ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Bəs, yanacağın bahalaşmasını zəruri edən səbəblər nədir?
Sfera.az bildirir ki, bu qərar SOCAR-ın müraciəti əsasında qəbul edilib. SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb.SOCAR müraciətində 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulduğunu bildirib.
Ancaq qeyd edək ki, avtomobil yanacağının bahalaşmasından sadəcə SOCAR fayda götürməyəcək. Bahalaşmadan sonra neft şirkəti ilə bərabər dövlət büdcəsinə vergi daxilolmaları da artacaq. Belə ki, avtomobil yanacağının satışından yol vergisi, aksiz vergisi və əlavə dəyər vergisi tutulur. Yol vergisi mütləq məbləğ əsasında alınır. Qaydalara əsasən, bir litr Aİ-92 benzinindən 2 qəpik yol vergisi alınır. Buna görə də qiymətlərin artması yol vergisinin artımına səbəb olmayacaq. Amma digər vergilərdə artım baş verəcək.
Nazirlər Kabinetinin qərarına əsasən daxili bazarda satılan Aİ-92 markalı avtomobil benzinindən 42 faiz, dizel yanacağından 18 faiz aksiz vergisi tutulur. Aksiz vergisi ilə bərabər satılan yanacaqdan ƏDV də alınır.
Deməli, qiymətlərin artması hesabına dövlət büdcəsinə aksiz vergisi və ƏDV üzrə daxilolma artacaq. Bu fakt onu göstərir ki, bahalaşmada SOCAR-la bərabər hökumət də maraqlı olub.
Hökumətin bahalaşmaya yaşıl işıq yandırması daxili mənbələr hesabına büdcə gəlirlərinin artırılması istəyi ilə bağlıdır. 2021-ci ilin dövlət büdcəsindən bunu görmək olar. Bu ilin büdcəsinin gəlirlər hissəsi əvvəlki illərin büdcələri ilə müqayisədə yüksəkdir. Artan gəlirləri təmin etmək üçün hökmən daxili mənbələrin yükü artırılmalıdır.
Azərbaycanın büdcə gəlirləri əsasən 2 mənbədən təmin edilir. Birinci mənbə Dövlət Neft Fondundan transfertdir. Son illərdə bu mənbə üzrə transfertləri artırmaq imkanı məhdudlaşıb. İxrac edilən neftin həcminin azalması, eyni zamanda neftin ucuzlaşması Neft Fondunun gəlirlərini azaldıb. Gəlirləri azalan mənbədən daha çox vəsait cəlb etmək təbii ki, əlverişli deyil. Belə vəziyyətdə büdcə gəlirlərini artırmaq üçün yeganə mənbə daxili qaynaqlardır.
Daxili qaynaqDaxili qaynaqlar hesabına gəlirlərin artırılması üçün hökmən ya dövriyyə, ya da vergi dərəcələri artırılmalıdır. İndiki dövrdə vergi dərəcələrini artırmaq mümkün olmadığından dövriyyənin artırılmasına nail olmaq lazımdır. Əhalinin gəliri artdıqda dövriyyənin artırılması öz-özlüyündə baş verir. Amma pandemiya şəraitində əhalinin gəlirlərini artırmaq çətin olduğundan gəlirlər hesabına dövriyyəni artırmaq çətindir. Belə şəraitdə dövriyyəni artırmaq üçün yeganə yol qiymətləri dövlət tərəfindən tənzimlənən mal qrupları üzrə bahalaşmaya getməkdir. Hökumət bu baxımdan ən optimal qərarın avtomobil yanacağının qiymətini artırmaqda görüb.
Həm benzinin, həm də dizel yanacağının bahalaşması büdcəyə böyük məbləğdə əlavə vəsait gətirəcək. 2019-cu ilin məlumatına əsasən nəqliyyatda 1 milyon 20 min ton dizel yanacağından istifadə edilib. Bu qədər yanacağın 981 min tonu avtomobillərdə istehlak olunub. 2019-cu ildə dizel yanacağına 588,6 milyon manat xərclənmişdi. Əgər 2021-ci ildə eyni miqdarda dizel yanacağı istifadə edilərsə, çəkilən xərc 784 milyon manata yüksələcək. Bahalaşma hesabına avtomobillərdə dizelə çəkilən xərc 197 milyon manat artacaq.
Avtomobillərlə yanaşı digər sahələrdə əlavə 450 min ton dizeldən istifadə olunub. Bunun 304 min tonu kənd təsərrüfatında istehlak edilib. Həmin sahələr də nəzərə alınarsa, cəmi istehlakda dizelə çəkilən xərc təxminən 290 milyon manat artacaq.
Avtomobil benzininin istehlakı da çoxdur. 2019-cu ildə nəqliyyatda 1,343 milyon ton avtomobil benzini istifadə edilib. Bunun 1,17 milyon tonu Aİ-92 benzinidir. 2021-ci ildə Aİ-92 benzinin alışına çəkilən xərc 130 milyon manata qədər artacaq.
Ümumilikdə bahalaşmadan sonra Aİ-92 benzini və dizel yanacağı üçün çəkilən xərclər 420 milyon manat artacaq ki, bunun da xeyli hissəsi vergi şəklində büdcəyə daxil olacaq.
Vasif






