Logo

İşğaldan azad olunmuş ərazilərimizdə yatan milyardlarla dollarlıq sərvətimiz

İşğaldan azad olunmuş ərazilərimizdə yatan milyardlarla dollarlıq sərvətimiz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından illərdir istifadəsinə imkan verməmişdi.

Bəs işğaldan azad olunan ərazilərimiz qarşıdakı illərdə bizə nələr vəd edir?

Sfera.az Qarabağın iqtisadi potensialını araşdırıb:

Əvvəlcə onu vurğulayaq ki, İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafı, təşviqedici tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Füzuli rayonu işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayon idi. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikanın öndə gedən rayonlarından idi.

Eyni tendensiya Cəbrayıl və Zəngilan rayonlarında da müşahidə edilirdi. Bu ərazilərin əksər torpaqları məhsuldardır. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığını bərpa etmək mümkündür və ediləcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi qiymətləndirmələr aparır. İşğaldan azad olunan rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür, su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazidədir. Eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatı üçün faydalı torpaq sahələri var. Torpaqlarımızın işğaldan azad olunması sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının artmasına, ölkədə ərzaq təhlükəsizliyinin güclənməsinə, o cümlədən Azərbaycanın qeyri-neft ixracatının artmasına müsbət təsir göstərəcək.

İşğaldan azad olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Pandemiya və ardınca da müharibə xərcləri ilə üzləşmiş ölkəmiz üçün bu potensialdan istifadə etmək çox vacibdir. Azərbaycanın maliyyə durumu bərpa prosesinə imkan verir. Burada bir neçə məqama xüsusi toxunmaq lazımdır. Əvvəla, büdcədə infrastruktur və investisiya xərcləri olur, həmin xərclərin bir hissəsi bərpa işlərinə yönəldiləcək. İkincisi, bərpa prosesi mərhələli şəkildə olacaq. Bundan başqa, özəl sektor da bu işə sərmayə qoyacaq.

Bu proses mərhələli şəkildə həyata keçiriləcək. İndidən hansı müddəti əhatə edəcəyini söyləmək çətindir. Nəzərə alsaq ki, həmin ərazilər tamamilə dağıdılıb və qiymətləndirmə gedir, işlər başladıqdan sonra konkret zaman söyləmək mümkün olacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur və kənd təsərrüfatı, sənayə müəssisələrinin qurulması yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu rayonlarda əhalinin sayı kiyafət qədərdir. Məsələn, Füzuli rayonunun 150 min, Ağdamın 200 min əhalisi var. O ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın böyük hissəsi bərpa işlərindən sonra öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Onlar üçün yeni iş yerlərinin yaradılması vacibdir.

Aqrar sahədə torpağın məhsuldarlığının artırılması, əkin sahələrinin salınması üçün kənd təsərrüfatı üzrə ixtisaslı kadrlara ehtiyac var. Digər tərəfdən, birbaşa kənd təsərrüfatında işləyəcək və inşaatda çalışacaq xeyli sayda işçi qüvvəsinə ehtiyac yaranacaq. Dövlət strukturlarının şöbələri açılacaq, eyni zamanda, özəl şirkətlərin də bu ərazilərdə öz nümayəndəliklərini açacağı gözlənilir. Bu baxımdan işğaldan azad olunan ərazilərimizin bərpası kifayət qədər iş yerlərinin yaranmasına səbəb olacaq. Bu da həmin bölgələrdə yaşayan və oraya qayıdacaq vətəndaşlarımızın işlə təminatı baxımından çox vacibdir.

Buraya beynəlxalq qurumların da cəlb edilməsi gözlənilir. Digər ölkələrin praktikası göstərir ki, belə hallarda beynəlxalq təşkilatlar da müharibədən sonrakı bərpa prosesində iştiraka maraq göstərirlər. Bərpa prosesində qanunvericiliyə uyğun olaraq tenderlər keçiriləcək və şirkətlər cəlb ediləcək.

Azad olunmuş ərazilərdəki təbii sərvətlər

Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Xüsusən də Zəngilan, Kəlbəcər və Laçın rayonlarını qeyd etmək olar. Qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan isə ikinci sıradadır. Bəzi qiymətləndirmələrə görə, yalnız Kəlbəcərdə Ermənistan şirkətləri 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusilə sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumidaxili məhsulun artımına təminat verəcək.

Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımından da vacibdir. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir. Bu ərazilər dəmir filizi daxil olmaqla, tikinti materialları ilə zəngindir. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, gələcəkdə işğaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, turizim potensialını inkişaf etdirmək mümkün olsun.

Ülvi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR