İşğaldan azad edilən ərazilərin istismarı taxıl istehsalını artıracaq - ŞƏRH
İşğaldan azad edilən ərazilərin kənd təsərrüfatı məqsədilə istifadəsi Azərbaycanın yerli istehsal hesabına taxılla təminatını yaxşılaşdıracaq. Ölkəmiz üçün taxılla təminatın yerli istehsal hesabına yaxşılaşdırılması önəmli məsələdir. Çünki taxıl strateji məhsuldur və bu məhsulun idxalının azaldılması vacibdir. Son illərdə taxıl istehsalında artıma nail olunsa da təəssüf ki, idxaldan asılılıq yüksək səviyyədə qalır. Buna görə də işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsindən sonra burada taxıl əkininin həyata keçirilməsi ölkəmizdə taxıl istehsalının artmasına böyük töhfə verəcək.
1988-ci ilin statistikasına əsasən taxıl istehsalı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisində 100 min ton, Füzulidə 32 min ton, Ağdamda 30 min ton, Cəbrayılda 20 min ton, digərlərində 15 min ton olub. Ümumilikdə işğal altında olan ərazilərdə 180 min ton taxıl istehsal edilib ki, bu da Azərbaycanda istehsal edilən taxılın 14,3 faizini təşkil edib. Hazırda işğaldan azad edilən ərazilərdə taxıl əkinin aparılması faktına rast gəlinib. Qiymətləndirməyə görə bu ərazilərdə 90-100 min ton taxıl toplamaq mümkün olacaq.
İşğaldan azad edilən ərazilərdə təxminən 100 min hektar sahədə taxıl əkməyin mümkün olduğu bildirilir. Mövcud məhsuldarlıq göstəriciləri nəzərə alınarsa, bu ərazilərdə il ərzində 300 min ton və daha artıq taxıl məhsulu toplamaq mümkündür.
Sfera.az bildirir ki, Azərbaycanın taxıla olan illik tələbatı 4,9 milyon tondur. Bu, 2019-cu ilə aid olan məlumatdır. Həmin ildə tələbatın 3,5 milyon tonu buğdanın payına düşüb. Buğdaya tələb böyük olduğuna görə idxal edilən əsas taxıl məhsulu da buğdadır. İl ərzində əkilən 950 min-1,05 milyon hektar taxıl sahələrinin 650 min hektarını buğda sahələri təşkil edir.
Buğdaya olan illik tələbat 3,5 milyon tondur. Buğdanın 2,386 milyon tonu un və yarma istehsalında, 545,6 milyon tonu mal-qara və quş yemində, 142,2 min tonu toxum üçün, 87,5 min tonu emal edilmədən ərzaq məhsulu kimi, 66,5 min tonu digər ərzaq məhsullarının istehsalında, 43,2 min tonu qeyri-ərzaq məhsullarının istehsalında istifadə edilib. Təxminın 262 min ton buğda isə itkiyə gedib.
2019-cu ildə ölkəmizdə buğda istehsalı 2,11 milyon ton təşkil edib. Yerli istehsal buğdaya olan tələbin 60 faizini ödəyib. Qalan 1,4-1,5 milyon ton tələbat isə idxal hesabına təmin olunub.
İdxaldan asılılığın böyük olmasına görə xarici bazarlarda baş verən gərginlik Azərbaycanda buğda ilə təminatı ağırlaşdıra bilər. Bu cür hallarla rastlaşmamaq üçün yerli istehsalın artırılması vacibdir.
Yerli istehsalın artırılmasının 2 yolu var. Birinci yol əkin sahələrini genişləndirmək yoludur. İşğaldan azad edilən ərazilərin istismarı əkin sahələrinin genişləndirilməsinə kömək edəcək. İlkin qiymətləndirməyə görə buğda əkilən 650-660 min hektar sahəni 700-730 min hektara qədər artıqmaq mümkündür. Bu artım hesabına yerli istehsalı 2,4 milyon tona qaldırmaq mümkün olacaq.
İkinci yol məhsuldarlığın artırılmasıdır. 2019-cu ildə buğda əkilən sahələrdə orta məhsuldarlıq 3,3 ton olub. Bu, aşağı göstərici hesab edilir. Avropada, kənd təsərrüfatı inkişaf edən ölkələrdə orta məhsuldarlıq 5 tondan yüksəkdir. Hətta bir sıra ölkələrdə 7-8 ton intervalında dəyişir. Azərbaycanda məhsuldarlığın artırılması üçün bir neçə yerdə nümunəvi təsərrüfatlar yaradılıb. Həmin təsərrüfatların təcrübəsi göstərir ki, Azərbaycanda məhsuldarlığı 6-6,5 tona qaldırmaq realdır. Əgər orta məhsuldarlıq 5 ton olarsa, 700 min hektar sahədə 3,5 milyon ton buğda toplamaq və tələbatı yerli istehsal hesabına tam ödəmək olar.
Məhsuldarlığın önəmi nəzərə alınarsa, işğaldan azad edilən ərazilər də daxil olmaqla ölkəmizdə buğda və digər taxıl məhsullarının istehsalında keyfiyyət göstəriciləri yaxşılaşdırılmalıdır. Əks halda işğaldan azad edilən ərazilərdə əkin işlərinin həyata keçirilməsi taxılla təminatın yaxşılaşdırılmasına ciddi faydası olmayacaq.
Vasif






