Yaşayış-tikinti bankları yaradıla bilər - TƏHLİL
2021-ci ildə Azərbaycanda yenidən tikinti banklarının yaradılması imkanları nəzərdən keçiriləcək. Bu məsələ Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında yer alıb. Bəyanatda qeyd edilir ki, gələn il maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcək, bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaq. Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcək.
Banatda deyilir ki, regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaq: "İşğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaq.
İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaq.
Maliyyə inklüzivliyinin genişlənməsi məqsədilə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və "fintex”lərdən istifadə təşviq ediləcək. Növbəti ildə də nağdsız ödəniş infrastrukturundan istifadə imkanlarının genişləndirilməsi və banklar tərəfindən innovativ ödəniş alətlərinin tətbiqi diqqətdə saxlanılacaq”.
Sfera.az xatırladır ki, hələ 2010-cu ildə Mərkəzi Bank ipoteka bazarının aktivləşdirilməsi məqsədilə "Yaşayış-Tikinti Bankları” haqqında qanun layihəsi hazırlamışdı. Mərkəzi Bank ümid edirdı ki, belə bir qanunun tətbiqi və bu kimi bankların yaradılması ipoteka sistemində daha yaxşı nəticələrin əldə edilməsinə imkan verəcək. Lakin təəssüflər olsun ki, bilinməyən səbəblərdən qanun layihəsi qəbul edilmədi.
Qeyd edək ki, yaşayış tikinti bankları iqtisadiyyatda alman variantı kimi tanınır. Onun əsas mahiyyəti vətəndaşlar tərəfindən vəsaitlərin həmin banklara yatırılması müqabilində daha böyük ipoteka kreditlərinin götürmək imkanının yaradılmasıdır. Lakin bu texnologiyanın bazarda nə dərəcədə effektiv olacağı müəyyən suallar yaradır. Həmin suallara aydınlıq gətirmək üçün ilk növbətə bu cür bankların əsas iş prinsiplərinə diqqət yetirək.
Yaşayış-tikinti banklarının kredit siyasətinin mahiyyəti hazırki ipoteka kreditləşməsindən bir vacib əhəmiyyətinə görə fərqlənir. Mövcud qaydalara əsasən ev almaq istəyən şəxs kredit götürür, mənzil alır, sonra banka əsas və faiz məbləğini borc şəklində tədricən ödəyir. Yaşayış-tikinti banklarından isə krediti öncədən götürüb mənzil almaq imkanı yaradılmır. Bu banklardan kredit almaq üçün həmin bankların əmanətçisi olmaq şərtdir. Ümumi qaydalara görə öncədən müəyyən məbləğdə pulu banklara ödəmək lazımdır. Ödəmə birdəfəyə və ya bir neçə il ərzində kiçik məbləğlərlə ola bilər. Həmin vəsaitlər bankda əmanət şəklində saxlanılır və üzərinə divident gəlir.
Bir neçə ildən sonra bankda müəyyən məbləğdə vəsait toplanır. Vətəndaş məhz həmin vəsaitinə uyğun olaraq bankdan məsələn, onun iki qatı miqdarında kredit götürməklə mənzil ala bilir. Bir sözlə yaşayış tikinti bankları yalnız onun əmanətçisi olan şəxslərə kredit ayırır.
Bu yolla vətəndaş mənzil almaq arzusunu qoyduğu puldan aslı olaraq qısa müddətdə və ya bir neçə ildən sonra həyata keçirə bilir. Bank bununla faktiki olaraq vətəndaşa verdiyi kreditin müəyyən hissəsini öncədən almış olur.
Bu mənada yaşayış tikinti banklarının yaradılmasının əhəmiyyətini vətəndaşların əksəriyyəti bir neçə ildən sonra görürlər. Yalnız, ixtiyarında yüksək məbləğdə pulu olanlar, lakin ev ala bilməyənlər pulunu banka qoymaqla kredit götürə bilir. Böyük məbləğdə pulu olmayan, amma gəliri normal olan şəxslər isə yaşayış tikinti banklarından kredit götürmək üçün onların əmanətçisi olmaq şərti ilə bir neçə il gözləməli olurlar.
Ölkəmizdə vaxtilə yeni tikilən binalardakı mənzillərin satış sistemi də "yaşayış tikinti” texnologiyasına uyğun idi. Amma tikinti şirkətləri bu imkanı əldə etsələr də ondan lazımınca yararlana bilmədilər. Şirkətlər yeni tikintisinə başladıqları binada olan mənzillərin əksəriyyətini öncədən satıb və iri pullar əldə etsələr də həmin vəsaitlərdən daha çox tikinti üçün yox, torpaq sahələrini almaq üçün yararlandılar. Bu cür siyasətin nəticəsində hazırda çoxlu sayda bina tikilməmiş qalır.
İşğaldan azad edilən ərazilərdə yaşayış-tikinti banklarının yaradılması istəyində əsas məqsəd burada qısa müddətdə daha çox mənzilin tikintisinə nail olmaqdır. Bunun üçün dövlət işğaldan azad edilən ərazilərdə mənzilin tikintisi və satışı üçün banklarla ipoteka müqaviləsi bağlaya bilər. Bankların ayırdığı vəsaitlə tikilən mənzillərin pulunu orada yaşayanların əvəzinə ipoteka krediti şəklində dövlət öz üzərinə götürər. Bu sistemin hesabına banklarda yüzmilyonlarla manat məbləğində vəsait cəlb etmək mümkündür.
Vasif






