"Azərbaycanın dəstəyi OPEC üçün çox vacibdir..." - Açıqlama
OPEC-in Baş katibi Məhəmməd Barkindonun Prezident İlham Əliyevə ad günü təbriki ünvanlayıb.
Məktubda bütün maraqlı tərəflərin və qlobal iqtisadiyyatın xeyri naminə dayanıqlı stabil neft bazarlarının qorunması üzrə Əməkdaşlıq Bəyannaməsində Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyinin çox yüksək qiymətləndirilməsi qeyd olunub.
OPEC rəsmisi eyni zamanda ölkə başçısına Azərbaycan və OPEC əməkdaşlığı üçün uzun illər xidmət arzulayıb.
M.Barkindonun təbrik məktubunda vurğuladığı məsələləri iqtisadçı ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında şərh edib. Ekspert Azərbaycanın dəstəyinin OPEC üçün mühüm olduğunu bildirib:
"Son iki ildə OPEC-in əsas qayəsi ondan ibarət olub ki, sözlü müdaxilələrlə, kvotaların azaldılması ilə bazarlarda qiymətləri yüksəltməyə nail olunsun. Çünki dünyada gedən prosesləer onu sübut edir ki, neftə tələbat azalır və neft hasilatının artım tempi yüksəlir. Beləliklə də qiymətlərin başqa yolla tənzimlənməsi mümkün deyil. OPEC də süni yolla qiymətləri tənizmləməyə çalışır. Deyilən səbəblərdən dolayı bu işdə iştirak edən ölkələrin o cümlədən Azərbaycanın dəstəyi OPEC üçün çox vacibdir.
Düzdür, Azərbaycan kiçik həcmdə neft istehsal edir və dünyadakı neft qiymətlərinə Azərbaycan istehsalının təsiri minimaldır, amma nə qədər çox ölkə OPEC+ anlaşmasında iştirak edərsə bu anlaşmanın çəkisi artar. Bu səbəbdən Azərbaycanın anlaşmada iştirakı bu sənədin bazarlara daha çox təsir etməsinə səbəb olur. Yəqin ki, təbrik məktubunda vurğulanan məqamlar da bu məsələdən irəli gəlir".
Sfera.az
Əzizə Zeynal






