Bu il dövlət borcunun ÜDM-yə nisbəti artıb - ŞƏRH
2020-ci ilin iyulun 1-nə olan məlumata əsasən Azərbayan dövlətinin xarici borcu dövlət zəmanətləri ilə birgə 8,958 milyard dollardır. İlin əvvəlindən dövlət borcunun məbləğində 133 milyon dollara yaxın azalma təmin edilib.
Azalmaya baxmayaraq borcun ümumi daxili məhsula (ÜDM) nisbəti artıb. Maliyyə Nazirliyinin məlumatına əsasən, ilin əvvəlində xarici dövlət borcunun ÜDM-yə nisbəti 18,6 faiz olduğu halda hazırda 21,3 faizə yüksəlib.
Xarici dövlət borcunun ağırlıq dərəcəsinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri onun ÜDM-yə nisbətidir. Çünki ÜDM-nin dəyərinə uyğun olaraq dövlət büdcəsi formalaşır və həmin büdcənin hesabına da xarici borcun qaytarılması maliyyələşdirilir. Buna görə də xarici dövlət borcunun ÜDM-yə nisbəti nə qədər aşağı olarsa, onun büdcə vəsaiti hesabına maliyyələşdirilməsi bir o qədər asan olur.
2020-ci ildə xarici dövlət borcunun ÜDM-yə nisbətinin artmasının səbəbi ÜDM-nin həcminin kəskin azalması ilə bağlıdır. 2019-cu ildə ÜDM-nin həcmi 82,8 milyard manat, yəni 48,7 milyard dollar olmuşdu. Bu il ÜDM-nin həcmi 71,8 milyard manata (42,2 milyard dollar) qədər azalıb. Kəskin azalma səbəbindən xarici dövlət borcunun ÜDM-yə nisbəti xeyli artıb.
Sfer.az bildirir ki, Azərbaycan dövlətinin birbaşa xarici borcu 8,2 milyard dollardır. 2020-ci ilin ilk 6 ayı ərzindəbirbaşa xarici dövlət borcunun cari ilin əvvəli ilə müqayisədə106,8 milyon dolları məbləğində endirilməsinə nail olunub. Borcun 42,5 faizi 10 ilə qədər olan müddətdə, 51,5 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Birbaşa xarici dövlət borcunun 82 faizi ABŞ dollarında, 8,3 faizi avroda, 4,6 faizi XBH-da (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,9 faizi yapon yenində, 1,3 faizi isə digər valyutalarda cəlb edilib.
Dövlət müəssisələri tərəfindən cəlb edilən xarici borclara verilən dövlət zəmanətləri üzrə 745 milyon ABŞ dolları (ÜDM-in 1,8 faizi) məbləğində şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8,96 milyard dollarıdır.
Cari ilin əvvəli ilə müqayisədə şərti öhdəliklər daxil olmaqla xarici dövlət borcunun məbləği 132,8 milyon dolları həcmində azalıb, ÜDM-yə nisbətdə isə 2,4 faiz artıb.
Xarici borcun məbləği azalsa da dövlətin daxili borcu artıb. Dövlətin daxili borcu 1,32 milyard manat, dövlət zəmanəti ilə cəlb edilən daxili kreditlər üzrə 130 milyon manat məbləğində şərti öhdəliklər də nəzərə alınmaqla daxili dövlət borcunun ümumi məbləği 1,45 milyard manat olub. Daxili borcun ÜDM-yə nisbəti 2 faiz təşkil edib.
2021-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2,2 milyard manat məbləğində vəsait nəzərdə tutulur. Həmin xərclərin 2,032 milyard manatını xarici dövlət borcuna xidmət xərcləri, 167,1 milyon manatını isə daxili dövlət borcuna xidmət xərcləri təşkil edir.
2020-ci illə müqayisədə gələn il borca xidmət xərcləri artacaq. Artımın əsas səbəblərindən biri əvvəlki illərdə imzalanan bir sıra kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına 2021-ci ildən etibarən başlanılmasıdır. Digər səbəbAzərbaycan hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunan və dövlət büdcəsinin vəsaitləri hesabına xidmət olunan öhdəliklər üzrə ödənişlərin 2020-ci ildə (426,7 milyon manat) "Dövlət borcu vəzəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına təmin edilməsi üzrə müvafiq qərarın qəbul edilməsidir. Məhz bu səbəbdən 2020-ci il dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri bir qədər az olub.
Azərbaycanın cəlb etdiyi xarici dövlət borc portfelinin 62,7 faizini sabit, 37,3 faizini isə dəyişkən faiz dərəcəsi ilə olan borclar təşkil edib. Sabit faizlə cəlb edilən borclar risk yaratmadığı halda dəyişkən faizlə cəlb edilən borclar risk yaradır. 2021-ci ildə borc üzrə istinad faiz dərəcələri artdığı halda əlavə xərclər yaranır. İstinad faiz dərəcələrinin artması faiz xərclərinin, dolayısı ilə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb olur. Bir sıra mərkəzi banklar, xüsusilə də ABŞ-ın Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı tərəfindən yumşaq monetar siyasətin tətbiq edilməsi nəticəsində hal-hazırda dəyişkən faiz dərəcələrinin son 5 il üzrə ən aşağı səviyyəsi müşahidə edilir.
Qeyd edək ki, xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə cəlb edilən kreditlər 2020-ci ilin 1 iyul tarixinə 3,343 milyard dollar olub. İstinad faiz dərəcələrinin qalxması ehtimalı daha çox ortamüddətli dövr üçün aktuallaşa bilər.
Vasif






