"Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında bağlanan müqavilənin əhəmiyyəti – Ekspert dəyərləndirməsi
Azərbaycanın işğaldan azad edilən 4 rayonda – Kəlbəcər, Ağdam, Fizuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatını İtaliya şirkəti həyata keçirəcək. Bununla bağlı dekabrın 18-də Azərbaycanın "Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında təchizat müqaviləsi imzalanıb.
Onlayn formatda təşkil edilən mərasimində Azərbaycan tərəfindən sənədi "Azerenerji"nin prezidenti Baba Rzayev, "Ansaldo Energia" tərəfindən isə şirkətin baş icraçı direktoru və meneceri Marino Cuzeppe imzalayıblar. Tədbirdə çıxış edən B.Rzayev bildirib ki, iki şirkət arasında imzalanan müqavilə kommersiya münasibətləri ilə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən qeyri-neft sektorunda da öz töhfəsini vermiş olacaq.
İşğaldan azad edilən ərazilərdə enerji sistemininbərpası ilə bağlı tanınmış xarici şirkətlərlə əməkdaşlığın əhəmiyyətini Sfera.az-a şərh edən enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, İtaliyanın enerji şirkəti ilə bağlanan müqavilə yarımstansiyaların avadanlıq və aqreqatlarla təchizatını nəzərdə tutur.
Ekspert hesab edir ki, müasir texnologiyalara sahib olan avadanlıqların əldə edilməsi və qabaqcıl təcrübənin mənimsənilməsi baxımından bu cür əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
İşğaldan azad edilən ərazilərin bərpası və burada sonrakı dövrlərdəki iqtisadi fəaliyyət üçün elektrik enerjisinə tələbatın artacağını söyləyən Z.Vəliyev qeyd etdi ki, elektrik enerjisinin istehsalı və paylanması üçün düzgün strateji layihələndirmə vacib olacaq. O düşünür ki, bu mənada qabaqcıl ölkələrlə əməkdaşlıq imkanlarının genişlənməsi zəruridir:
"İşğaldan azad edilən bölgələrdə təmir-tikinti, eyni zamanda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk növbədə həmin bölgələrin topoqrafik xəritələndirmə prosesinə başlanılıb. Çünki işğaldan azad edilən rayonların topoqrafik xəritələndirməsi prosesi başa çatmadan regionda çoxşaxəli iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil.
Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kartoqrafiya və Geofizika Müəssisəsi artıq Şuşa şəhərindən başlayaraq ərazinin topoqrafik xəritələndirmə prosesinə başlayıb. Bu prosesi başa çatdıqdan sonra ikinci mərhələ, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilə bilər. Yəni, yeni su elektrik stansiyaları, modul tipli elektrik stansiyaları, yarımstansiyaların tikintisi, magistral yolların şəkilişi, bölgənin qaz və su təminatının yaxşılaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsindən ötrü xətlərinin quraşdırılması və istismara və dgər məsələlər həll edilməlidir.
İnfrastruktur layihələrindən sonra bölgədə həm mədən sənayesinin, həm emal sənayesinin, həm kənd təsərrüfatının, həm də tranzit iqtisadiyyatının inkişafına bir stimul veriləcək.
Mən tranzit iqtisadiyyatı ifadəsini təsadüfən işlətmədim. Çünki atəşkəslə bağlı üçtərəfli bəyanatda Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsi də var. Bu o deməkdir ki, Naxçıvan vasitəsilə Azərbaycan dəmir yolu İranın cənub bölgələrinə, yəni Bəndərabada, Bəndər İmam Xomeyniyə və Fars körfəzi ərazisindəki sərbəst iqtisadi bölgələrə çıxış imkanı əldə edir. İşğaldan azad edilən ərazi yeni bir tranzit məkan olacaq. Ona görə də infrastruktur layihələrinin həyata keçirilməsi ilk növbədə işğaldan azad edilən bölgənin dayanıqlı elektirk enerjisi ilə təminatı məsələsini yaradır. Regionda elektrik enerjisinə böyük ehtiyac olacaq. Elektrik enerjisi ilə təminat qurulduqdan sonra bölgədə iqtisadi və eyni zamanda təmir-tikinti layihələrinin həyata keçirilməsi mümkündür”.
Z.Vəliyev işğaldan azad edilən ərazilərin ererji və digər layihələrinin həyata keçirilməsi üçün vahid tender komissiyasının yaradılmasını təklif edir: "Xarici şirkətlərlə əməkdaşlıq mərkəzləşdirilmiş qaydada aparılmalıdır. İşğaldan azad edilən bölgədə həm infrastruktur layihələrinin, həm də təmin-tikinti layihələriin həyata keçirilməsi üçün mərkəzləşdirilmiş dövlət qurumu yaradılması yaxşı olardı. Mərkəzləşdirilmiş dövlət qurumu nə qədər tez yaradılarsa, bölgədə fəaliyyətlə bağlı xarici investorların cəlb edilməsi bir o qədər sürətlənər.
Eyni zamanda bu məsələlərin həyata keçirilməsi məqsədilə tender komissiyası formalaşdırılımalıdır. Azərbaycan hökuməti atəşkəsdən sonra bəyan etdi ki, işğaldan azad edilən ərazilərə investisiya qoyuluşunda 44 günlük müharibə gedişində Azərbaycan beynəlxalq səviyyədə dəstək verən ölkələrin şirkətlərinə üstünlük veriləcək. Bu cür razılaşmalar həmin ölkələrin şirkətləri arasında tenderdən sonra əldə edilməlidir”.
Vasif
Sfera.az






