Logo

Qeyri-neft mallarının ticarətində kəsir böyüyür - TƏHLİL

Qeyri-neft mallarının ticarətində kəsir böyüyür - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ildə neft-qaz mallarının xarici ticarətində azalma olduğu kimi qeyri-neft malları üzrə xarici ticarətdə də azalma müşahidə edilir.

Yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollara bərabər olub. Bu dövrdə qeyri neft-qaz mallarının idxalının dəyəri isə 7 milyard dollarara yaxın olub və ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizə yaxın azalıb.

Qeyri neft-qaz mallarının xarici ticarəti ilə bağlı bu ilin yanvar-sentyabr aylarına aid olan genişləndirilmiş məlumata əsasən ticarət əməliyyatlarında 4,2 milyard dollar kəsir yaranıb. İlik 9 ayda qeyri neft-qaz mallarının ixrac dəyəri 1,2 milyard dollar olduğu halda idxal 6,1 milyard dollar təşkil edib.

Qeyri-neft idxalının strukturunda kərə yağının (29,8%), tərəvəz məhsullarının (14,2%), minik avtomobillərinin (5,5%) və kağız məmulatlarının (2,5%) idxalı artıb, dəmiryol nəqliyyat vasitələrinin (3,8 dəfə), tütün və tütün məhsullarının (29,7%), mebel məhsullarının (28,2%), metalların (16,2%), kimya məhsullarının (15,2%), daş və şüşə məmulatlarının (10,7%), dənli bitkilərin (10%), alkoqollu və alkoqolsuz içkilərin (10,6%), şəkərin (4,4%) və ağac məmulatlarının (4%) idxalı isə azalıb.

Sfera.az bildirir ki, qeyri neft-qaz idxalının azalması sevindirici hal olsa da qeyri neft-qaz mallarının ixracının azalması arzulanan hal deyil. İdxalın azalması ölkəmizdən valyuta çıxışının azalması anlamını verir. Ötən ilin yanvar-sentyabr ayları ərzində idxal dəyəri 6,8 milyard dollar olmuşdu. Bu il qeyri neft-qaz mallarının idxalında 700 milyon dollar azalma qeydə alınıb. İxracda isə azalma dəyər ifadəsində 140 milyon dollara yaxın olub.

Müqayisədə bu il xarici ticarətin yaxşılaşması görünsə də ixracın məbləğinin azalması yaxşı nəticə deyil. Çünki ayrılıqda götürdükdə qeyri neft-qaz mallarının ixrac dəyəri azdır və kiçik olan məbləğin bir qədər də azalması ölkəmizdə qeyri neft-qaz mallarının istehsalçılarının iqtisadi və sosial vəziyyətini pisləşdirir.

Azərbaycan qeyri neft-qaz mallarının ixracında stabil artıma nail ola bilmir.

Qeyri neft-qaz mallarının ixrac dəyəri 2010-cu ildə 1,368 milyard dollar, 2011-ci ildə 1,623 milyard dollar, 2012-ci ildə 1,933 milyard dollar olmuşdu. Amma 2013-cü ildə 1,773 milyard dollara, 2014-cü ildə 1,632 milyard dollara 2015-ci ildə 1,498 milyard dollara, 2016-cı ildə 1,16 milyard dollara gerilədi.

İxrac 2017-ci ildən yenidən artdı. Həmin ildə ixrac 1,473 milyard dollara, 2018-ci ildə 1,617 milyard dollara, 2019-cu ildə 1,95 milyard dollara yüksəldi. Ötən il qeydə alınan ixrac dəyəri rekord göstərici idi.

2020-ci ildə ixracda yenidən azalma baş verəcək. Bu il ixracın 1,7-1,8 milyard dollar olacağı təxmin edilir.

Qeyr neft-qaz satışının azalması ixracımızın bir neçə bazardan asılı olması ilə bağlıdır. Cəmi ixracın 60 faizi Rusiya və Türkiyəyə gedir. Rusiya, Türkiyə, İsveçrə və Gürcüstana isə ixracın 80 faizi yönəldilir. Buradan aydın olur ki, Rusiya və Türkiyədəki iqtisadi vəziyyət qeyri neft-qaz mallarının ixracına güclü təsir edir. 2020-ci ildə hər iki ölkədə iqtisadi vəziyyətin pisləşməsi müşahidə olunur.

Qeyri neft-qaz mallarının idxalındakı artım isə daha böyük sürətlə gedir. 2016-cı ilin 9 ayının məlumatına əsasən qeyri neft-qaz mallarının idxalı 4,8 milyard dollar, 2017-ci ilin eyni dövründə 5,4 milyard dollar, 2018-ci ilin 9 ayında 6,7 milyard dollar, 2019-cu ildə 6,8 milyard, bu il 6,1 milyard dollar təşkil edib. Göründüyü kimi idxalın artma sürəti və həcmi ixracdakı artımı qabaqlayır. Yalnız 2016-2020 illər ərzində idxalın həcmi 1,3 milyard dollar artıb. Bü dövrdə ixrac isə cəmi 440 milyon dollar artıb.

Qeyri neft-qaz mallarının ticarət balansındakı kəsiri kiçiltmək üçün hökmən Azərbaycan ixrac qabiliyyətini artırmalıdır. Bu məqsədlə ölkəmizdə yüksək marka dəyəri olan malların istehsalı təşkil edilməlidir. Yüksək ixrac qabiliyyəti olan Çinin, Hindistanın, Türkiyənin, Malayziyanın təcrübəsi göstərir ki, ölkədə tanınmış markalara sahib olan malların istahsalının təşkili həmin ölkənin ixrac qabiliyyətini artırır. Azərbaycan da bu yolu getməli və emal sənayesinin bütün alt bölmələrində tanınmış markalara məxsus malların istehsalına nail olmalıdır. Əks təqdirdə Azərbaycan ixracı davamlı artıra bilmədiyi kimi idxalda da azalmaya nail ola bilməyəcək. Çünki idxal edilən malların böyük əksəriyyəti də məhz yüksək marka dəyəri olan mallardır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR