Logo

Dollar aparıcı valyutalara nəzərən ucuzlaşır – Davam edəcəkmi?

Dollar aparıcı valyutalara nəzərən ucuzlaşır – Davam edəcəkmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ dollarının dünyanın aparıcı valyutalarına qarşı ortaq məzənnəsini ifadə edən Dollar İndeksində enmə davam edir. Bu gün ABŞ birjaları açılanda Dollar İndeksi 90 həddindən də aşağı düşüb. Dünən birjalar bağlananda isə indeks 90,36-ı olmuşdu.

Sonuncu dəfə indeksin 90 səviyyəsindən aşağı olması 32 ay öncə qeydə alınıb. 2018-ci ilin yanvar-fevral ayları ərzində indeks 88-90 intervalında dəyişib. Sonrakı aylarda indeks yüksəlib və heç zaman 90 səviyyəsindən aşağı düşməyib.

2018-ci ildən öncə də indeks yüksək olub. 2015-2018-ci ilə kimi indeksin 90 həddindən aşağı düşməsi qeydə alınmayıb.

Sfera.az bildidir ki, dollar İndeksi dolayısı ilə dolların qlobal məzənnə dəyərini ifadə edən göstəricidir. İndeks bir neçə valyutanın məzənnəsində baş verən dəyişikliyi nəzərə alaraq formalaşır. Dollar indeksi ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar avro (səbətdə payı 57,6%), yapon yeni (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankıdır (3,6%).

Həmin valyutalar səbətində məzənnə dəyəri düşdükdə dollar bahalaşır, yüksəldikdə dollar ucuzlaşır. Bu baxımdan dollar üçün əsas valyuta avrodur. İndeksin düşməsi ondan xəbər verir ki, adıçəkilən valyutalar səbətinin məzənnə dəyəri yüksəlir.

Dolların ucuzlaşması 2020-ci ilin martın 20-dən sonra tədricən davam edir. Həmin tarixdən bəri dollar təxminən 13 faiz ucuzlaşıb. Martın 20-də 103,5 həddinə ötən Dollar Indeksi iyulda 95 həddindən aşağı, bu gün isə 90 həddindən aşağı enib.

Aparıcı valyutalarla dolların məzənnəsinə diqqət yetirdikdə görürük ki, 2020-ci ilin martından bəri səbətdə olan bütün valyutalar dollara nəzərən yüksəlib. Bu dövrdə avro dollara nəzərən 14 faiz, yapon yeni 7,7 faiz, ingilis funt sterlinqi 17,3 faiz, Kanada dolları 13 faiz, İsveç kronu 25 faiz, İsveçrə frankı 12 faiz bahalaşıb.

2020-ci ilin martı ilə müqayisədə avro/dollar kursu 1,07 həddinə düşdükdən sonra hazırda 1,22 həddini ötüb. Dollar/yapon yeni 111 səviyyəsindən, 103 səviyyəsinə, funt sterlinq/dollar məzənnəsi 1,15-dən 1,35-ə, dollar/Kanada dolları 1,45 həddindən 1,27 həddinə dəyişib.

Dolların ucuzlaşması ABŞ Mərkəzi Bankının (Fed) yürütdüyü monetar siyasətlə izah edilir. FED uçot dərəcəsini sabit (0% - 0,25% aralığında) saxlamaqla bərabər bazardan hər ay 120 milyard dollar dəyərində istiqraz alışına davam etdirəcəyini bəyan edib. ABŞ Mərkəzi Bankı 2021-ci ilin sentyabrına qədər qiymətli kağız alışını davam etdirəcək ki, bu da dolların hələ bir müddət də ucuzlaşacağının xəbərçisidir.

Qiymətli kağızların alışı dolayısı ilə dövriyyə əlavə pul kütləsini buraxılması anlamını verir. Dövriyyə əlavə pul buraxıldıqda təklif artır, nəticədə valyuta bolluğu yaranır və həmin valyuta ucuzlaşır. Hazırda dolların ucuzlaşmasına səbəb olan vəziyyət də eynidir.

FED-in dolları ucuzlaşdıqmaqda məqsədi inflyasiya səviyyəsini yüksəltmək və bununla iqtisadi fəallığı artırmaqdır. Pandemiya ilə əlaqədar ABŞ-da iqtisadi geriləmə yaranıb və qiymətlər aşağı düşür. FED bunun qarşısını almaq üçün hökmən tələbi, yəni alışı artırmalıdır. Alışın da artırılması üçün ucuz pul dövriyyə buraxılmalıdır. ABŞ Mərkəzi Bankı ucuz pulun köməkliyi ilə alıcılıq qabiliyyətini artırmaqla əmtəə qiymətlərinin də yüksəlməsinə nail olmağa çalışır.

Məhz qiymət artımları ümumi iqtisadi dövriyyənin artmasına, gəlirlərin yüksəlməsinə və bununla da toplanan vergilərin artmasına şərait yaradacaq.

Dolların ucuzlaşması Azərbaycan kimi ölkələrə sərf edir. Ucuz dollar əmtəələrin, o cümlədən neftin bahalaşmasına kömək edir. Bir qayda olaraq dəyəri dollarla müəyyənləşdirilən əmtəələrin qiymətinə dolların məzənnəsi birbaşa təsir edir. Dollar bahalaşanda həmin əmtəələr ucuzlaşır, dollar ucuzlaşdıqda isə bahalaşır. Son aylarda neft qiymətlərində artımın əsas dəstəkləyici amillərindən biri də dolların ucuzlaşmasıdır.

Dolların ucuzlaşması neftlə bərabər qızılın da bahalaşmasına kömək edir.

Bu gün "Brent” markalı neftin qiyməti 51,6 dollara, ABŞ xam nefti 48,4 dollara, qızıl isə 1884 dollara satılır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR