Logo

Neft ixracının azalması cari əməliyyatlarda kəsir yaradıb - ŞƏRH

Neft ixracının azalması cari əməliyyatlarda kəsir yaradıb - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankının 2020-ci il yanvar-sentyabr dövrünə aid olan məlumatına əsasən cari əməliyyatlar balansında kəsir yaranıb. Kəsirin məbləği 208,3 milyon dollar olub. Mərkəzi Bank kəsirin yaranmasını xarici mühitin əlverişsiz olması ilə əlaqələndirib. Burada xarici mühit dedikdə neft qiymətlərinin düşməsi nəzərdə tutulur.

Sfera.az bildirir ki, cari əməliyyatlar balansı xarici ticarət, xidmətlər (turizm, yükdaşıma, sərnişindaşıma, tikinti və s.), ilkin gəlirlər (neft-qaz layihələrindən xaricilərə ödənən mənfəət payı, xarici kreditlərə görə ödənilən faizlər və s.) və təkrar gəlirlər (xarici ölkələrdən Azərbaycana göndərilən pullar, humanitar yardımlar və s.) balanslarının cəmindən ibarətdir. Azərbaycanın cari əməliyyatlar balansında tarazlığın yaradılması əsasən xarici ticarətin balansından asılı olur. Xarici ticarət balansındakı müsbət fərq böyük olduqda cari əməliyyatlar balansında da fərqin müsbət olması ehtimalı yüksəlir.

Ölkəmizin cari əməliyyatlar balansında kəsir sonuncu dəfə 2016-cı ildə qeydə alınıb. Həmin ildən sonra cari əməliyyatların balansı daim müsbət olub. 2019-cu ilin yanvar-sentyabr dövründə cari əməliyyatlar balansı müsbət 4 milyard dollar təşkil edib. Lakin bu ilin eyni dövründə vəziyyət tam əksinə dəyişib.

Bu il cari əməliyyatlarda pisləşmə ixracın vəziyyəti ilə bağlıdır. Ötən il həm neftin qiymətinin yüksək olması, həm də daha çox neft ixrac edilməsi xarici ticarət balansında böyük fərq yaratmışdı.

2019-cu ilin 9 ayında ixrac idxaldan 6,89 milyard dollar çox idi. 2020-ci ildə isə həm neft ucuzlaşdı, həm də OPEC+ çərçivəsində əldə edilən razılaşmaya uyğun olaraq ixrac etdiyimiz neft azaldı. Buna görə də yanvar-sentyabr dövründə ixrac idxaldan cəmi 2,34 milyard dollar çox oldu. Müqayisə göstərir ki, bu ilin 9 ayında xarici ticarət balansınının müsbət fərqi ötən illin eyni dövrünə nisbətən 4,55 milyard dollar və ya 2,94 dəfə azalıb. Məhz bu azalma cari əməliyyatlar balansında kəsirin yaranmasına şərait yaradıb.

Azərbaycanı cari əməliyyatları elə bir vəziyyətdədir ki, qeyri neft-qaz sektoru üzrə gedərləri neft-qaz sektoru üzrə əldə edilən gəlirlər kompensasiya edir. Qeyri neft-qaz sektoru üzrə gedərlərdə ciddi dəyişiklik olmur. Buna görə də nə zaman ki, neft-qaz gəlirləri çox, o zaman cari əməliyyatlar balansında böyük müsbət fərq yaranır. Amma əksinə neft-qaz gəlirlərində azalma baş verdikdə cari əməliyyatlar balansındakı müsbət fərq kiçilir və hətta bu il olduğu kimi mənfi məcraya da keçə bilir.

2020-ci ilin 9 ayı üzrə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə və ya 5,2 milyard dollar azalaraq 4 milyard dollar olub. Digər sahələrdə cari əməliyyatlar balansı 4,187 milyard dollar təşkil edib. Bu il neft-qaz sahəsi üzrə müsbət balansın 2 dəfədən çox kiçilməsi digər sahələrdə yaranan kəsiri kompensasiya etməyə imkan verməyib.

2020-ci ilin 9 ayında xidmətlər balansında 2,052 milyard dollar kəsir formalaşıb. Kəsirin məbləği ötən ilin eyni dövrünə nisbətən böyüyüb. Belə ki, 2019-cu ilin 9 ayında xidmətlər balansında 1,84 milyard dollar kəsir olub.

İlkin gəlirlərdə isə kəsir xeyli kiçilib. 2019-cu ilin 9 ayında 1,45 milyard dollar kəsir yarandığı halda bu ilin eyni dövründə kəsir 800 milyon dollara düşüb.

Qeyd edək ki, cari əməliyyatlar balansı tədiyə balansının 2 böyük hissəsindən biridir. Azərbaycanı tədiyə balansının vəziyyəti hər zaman cari əməliyyatlar balansından asılı olub. Cari əməliyyatlar balansındakı böyük müsbət fərq ümumən tədiyə balansının müsbət olmasına kömək edib.

Bu il cari əməliyyatlarda qeydə alınana mənfi dinamika tədiyə balansının vəziyyətini də pisləşdirib və nəticədə tədiyə balansında 1,8 milyard dollar kəsir yaranıb.

Cari əməliyyatlarda və ümumən tədiyə balansında kəsirin yaranması yaxşı hal deyil. Tədiyə balansında kəsir yarandıqda həmin kəsir Mərkəzi Bankın ehtiyatları və ya Dövlət Neft Fondunun aktivləri hesabına maliyyələşdirilməlidir. Proqnozlara görə ilin yekununda cari əməliyyatlarda və tədiyə balansında kəsir bir qədər də böyüyəcək. Tədiyə balansında kəsirin 2-2,5 milyard dollara yüksələcəyi gözlənilir. Bu qədər vəsaiti 6,4 milyard dollar valyuta ehtiyatı olan Mərkəzi Bank tərəfindən maliyyələşdirməsi çətin deyil.

Amma tədiyə balansında kəsir davamlı yaranarsa, onun gələcəkdə maliyyələşdirməsi problemi yarana bilər. Bu problemi aradan qaldırmaq üçün Mərkəzi Bank və hökumətlər milli valyutanın ucuzlaşdırılmasına gedirlər. 2021-ci ildə vəziyyət dəyişərsə, yəni neftin orta qiyməti 50 dollar səviyyəsinə çatarsa və neft hasilatı tədricən artarsa, o halda tədiyə balansında kəsir aradan qalxacaq və manatın ucuzlaşdırılmasına ehtiyac olmayacaq. Əks təqdirdə 2 yol qalır: ya kəsiri maliyyələşdirmək üçün daim valyuta ehtiyatları azalmalı, ya da kəsirin yaranmaması məqsədilə dollar/manat kursu yüksəldilməlidir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR