Belələri də oldu – Paradı gözü götürməyənlərə yaddaş dərsi
Bakıda keçirilən 10 dekabr – Qələbə paradı möhtəşəm qələbəmizə sevinənlərlə yanaşı, Azərbaycanın uğurlarına düşmənçilik edənlərin varlığını da xatırlatmış oldu. Azərbaycana qarşı qısqanclıq sərgiləyən bir sıra dövlətlər, müstəqil qurumlarla bağlı məsələ aydındır. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi həmin dövlətlərə layiqli cavab verilir və veriləcək. Hansı cavabın nə vaxt və necə veriləcəyi isə artıq Dövlətin işidir.
Lakin bu informasiya savaşında vətəndaşın, vətəndaş cəmiyyətinin mühüm həlqəsi sayılan medianın da üzərinə vəzifələr düşür. Təəssüf hissiylə bildirək ki, bəzən öz aramızda, statistikada azərbaycanlı kimi hesablanan bəzi şəxslərin qərəz və böhtan dolu münasibətinə şahidlik edirik. Vətəndaş və media olaraq belələri ilə mübarizə məhz bizim işimizdir. Bu yazının ərsəyə gəlmə səbəbi də sosial şəbəkələrdə Qələbə paradı haqda uyğunsuz paylaşımlarla baş qatmağa çalışan Rövşən Əsgərov adlı "azərbaycanlı”dır.
Xainliyini, kinini və səbəbi bəlli olmayan qəzəbini sosial şəbəkələrə tökən Rövşən Əsgərov yazır:
"Parad- natamam cəmiyyətin səfeh, iyrənc ənənəsidir. Bu zövqsüz fəlakətə sərf edilən vəsaiti səhiyyəyə- yeni xəstəxanalara, süni nəfəs aparatlarına, həkimlərə, onların maaşlarının qaldırılmasına sərf etmək olardı... Lənət şeytana!
Qələbə qalib ölkə vətəndaşlarının rifahını yüksəltməklə qeyd edilməlidir. Ondansa o vəsaiti azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulmasına sərf edəydilər. Bu lənətə gəlmiş paraddan daha yaxşıdır. Bu insanlar üçündür, həyat üçündür. Bəs, parad nəyə lazımdır? Bu natamamlıq kompleksidir?”.
Sfera.az xatırladır ki, Rövşən Əsgərov layiqli cavabını elə sosial şəbəkə istifadəçiləri tərəfindən alıb. Şərh və rəylərdə paylaşıma etiraz edən çoxsaylı vətəndaşlarımız paradın nəyə lazım olduğunu bu vətən xaininə anladıblar. Biz sadəcə ona xatırlatma mahiyyətində bəzi nüansları çatdırmaq istərdik.
Əvvəla, Qələbə paradı bu xalqın, bu ordunun və bu dövlətin dik duruşunun dünyaya göstərisidir. 30 illik işğal dövründə zədələnmiş qürurumuzun bərpasıdır, parad. Parad Ermənistan üzərindəki möhtəşəm qələbəmizin MÖHÜRÜdür!
Rövşən Əsgərov, bəs səni narahat edən nədir?
Qələbəmizə sevinmirsənsə, qanımızı da qaraltma.
Xainlər və xəbislər bütün dövrlərdə və bütün dövlətlərdə olub.
Onlar həmişə ürək bulandırmağı bacarıblar.
Lakin tarixdə indi ağız büzdüyün bu Qələbə paradı qalacaq, bu qalib Ali Baş Komandan qalacaq!
Tarixdə qalib Azərbaycan xalqı və qəhrəmanları qalacaq!
O ki qaldı, həssas hesab etdiyin nöqtələrə vurmaqla, vətəndaşlara tibbi xidmətin yaxşılaşdırılması haqda təkliflərinə, bu haqda da uzun müzakirə açmağa ehtiyac duymuruq. Hər halda COVİD-19 epidemiyası qlobal problemdir, Azərbaycan isə xəstəliklə mübarizədə dünyanın qabaqcıl ölkələri ilə eyni cərgədə dayanır. Bunları gözün görmürsə, bu artıq xalqın, Qələbə paradının günahı deyil.
Bəlkə Rusiyada yaşadığındandır ki, Azərbaycanda son illər tikilən xəstəxanaların mövcudluğundan xəbərsizsən. Xəbərsiz idinsə xəbərin olsun ki, ölkəmizdə hər il dövlət hesabına ən müasir tibb ocaqları tikilir və bu tendensiya davam edir.
Sonda isə şəxsən Rövşən Əsgərovu Azərbaycandakı həmin xəstəxanalardan birinə - müalicəyə dəvət edirik. Psixi durumunuz nə qədər acınacaqlı olsa da sağalacağınıza təminat veririk.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan ordusu!
Yaşasın Ali Baş Komandan!
Orxan
Sfera.az






