Əhalinin gəlirlərində ilk dəfə azalma qeydə alınacaq – Təhlil
2020-ci ilin yanvar-oktyabr aylarına aid olan rəsmi məlumata əsasən əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalıb. İlk 10 ayda əhalinin nominal gəlirləri 46,058 milyard manat təşkil edib ki, bu da ötən ilə nisbətən 650 milyon manata yaxın azalma deməkdir. 2019-cu ilin yanvar-oktyabrında əhalinin nominal gəlirləri 46,705 milyard manat idi.
Sfera.az xatırladır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əhalinin nominal gəlirlərində azalma qeydə alınmayıb. İlk dəfə olaraq 2020-ci ildə əhalinin nominal gəlirlərinin azalması ehtimalı yaranıb. Hələlik ilin statistik yekununa 2 ay var və yəqin ki, ilin tamamında nominal gəlirlərdə azalma ehtimalı böyükdür.
Bu il nominal gəlirlərdə azalma ilk dəfə yanvar-sentyabr aylarında qeydə alındı. İlk 9 ayda 0,9 faiz azalma baş verdi. Yanvar-avqust aylarında isə gəlirlərdə 0,1 faiz artım olmuşdu.
İlin əvvəlindən nominal gəlirlərdəki artım sürətinin zəifləməsi ilin yekununa doğru gəlirlərin azalacağının xəbərçisi idi. Yanvarda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz, fevralda 8,9 faiz artmışdı.
Ancaq yanvar-mart aylarında nominal gəlirlər əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz, ilin birinci yarısında 0,6 faiz, yanvar-iyulda 0,2 faiz, yanvar-avqustda 0,1 faiz artmışdı. Dinamikanın bu şəkildə getməsi gəlirlərdəki azalmanın yaxında olduğunu göstərirdi və yanvar-sentyabr dövründən gəlirlərdə azalma oldu, oktyabrda isə bir qədər də dərinləşdi. Oktyabrda olan vəziyyət noyabrda da dəyişmədiyindən deyə bilərik ki, nominal gəlirlərdə azalma yanvar-noyabr dövründə də davam edib. Hələlik bununla bağlı statistika açıqlanmayıb. Böyük ehtimalla mənfi dinamika dekabrda da müşahidə ediləcək və ilin yekunundə ölkəmizdə ilk dəfə əhalinin nominal gəlirlərində azalma qeydə alınacaq.
Əhalinin ümumi nominal gəlirləri sentyabrdan azalsa da adambaşına düşən gəlirlərdə azalma iyundan qeydə alınıb. Yanvar-may dövründə adambaşına düşən nominal gəlirlər 0,5 faiz artdıqdan sonra, yanvar-iyunda 0,2 faiz, yanvar-sentyabrda 1,7 faiz, yanvar-oktyabrda 2,1 faiz azalıb. İlin yekununda adambaşına düşən nominal gəlirlərdə daha böyük azalma proqnozlaşdırılır.
2020-ci ilə qədər ölkəmizdə əhalinin nominal gəlirləri azalmırdı. 2019-cu ildə nominal gəlirlər 7,4 faiz, hər nəfərə düşən gəlirlər 6,5 faiz artıb. İndiyə qədər nominal gəlirlərdə ən az artım 2014-cü ildə (5,1 faiz, hər nəfərə 3,8 faiz), ən yüksək artım 2007- ci ildə (42,7 faiz, hər nəfərə 40,9 faiz) və 2008-ci ildə (42,4 faiz, hər nəfərə 40,5 faiz) olub.
Bu il nominal gəlirlərin azalmasının yeganə səbəbi Covid-19 virusunun yayılmasının pandemiya səviyyəsinə çatması və bununla əlaqədar əksər ölkələrdə olduğ kimi Azərbaycanda da karantin rejiminin tətbiqidir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti mart və aprel aylarında sərt karantin tədbirləri tətbiq edib. Bunun nəticəsində mart ayından başlayaraq əhalinin gəlirlərindəki artım sürəti zəifləyib.
Əhalinin nominal gəlirlərindəki azalma real gəlirlərlərdə daha böyük azalmaya səbəb olub. Yanvar-apreldən başlayaraq real gəlirlər azalma dinamikası görünüb. Real gəlirlərdəki dəyişiklik nominal gəlirlərdən inflyasiya səviyyəsini çıxmaqla müəyyən edilir. Yanvar-apreldə nominal gəlirlərdəki artım 1,3 faiz, inflyasiya 3 faiz olmuşdu. İnflyasiya nəzərə alındığında yanvar-apreldə əhalinin real gəlirləri 1,7 faiz azalmışdı. Yanvar-oktyabr dövründəki göstəricilərə diqqət yetirdikdə isə görürük ki, real gəlirlər 4,2 faiz azalıb.
Əhalinin nominal gəlirləri makroiqtisadi göstəricidir və buradakı baş verən dəyişiklik ondan xəbər verir ki, bir çox istiqamətlər üzrə gəlirlərdə azalma olub. Ümumilikdə əhalinin gəlirlərinə bütün növ gəlirlər aid edilir. Bura əmək haqqı və digər bu kimi gəlirlər, məhsulun satışından əlavə dəyərə və aksizlərə vergilər, istehsal vergiləri, məhsulun maya dəyərinə daxil edilən sosial sığortalar və sosial təminat üzrə ödəmələr, müəssisələr tərəfindən büdcəyə ödənilən cərimələr, idxal məhsullarına rüsumlar, şəxsi yardımçı təsərrüfatdan gəlirlər daxil edilir. Qısaca, desək burada iqtisadiyyatın bütün sahələrinin institusional vahidləri tərəfindən yaradılan oxşar gəlirlər nəzərə alınır.
Vasif
Sfera.az






