Logo

Banklar biznes kreditlərini yenidən azaldıb, istehlak kreditlərinin payı artıb - ŞƏRH

Banklar biznes kreditlərini yenidən azaldıb, istehlak kreditlərinin payı artıb - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kredit qoyuluşunda istehlak kreditlərinin payının yenidən artması müşahidə edilir. Mərkəzi Bankın məlumatına əsasən, ev təsərrüfatlarına verilən kreditlərin ümumi kredit qoyuluşunda payı 45,8 faizə çatıb. 2020-ci ilin martında bu göstərici 44,3 faiz, bir il əvvəl 44,5 faiz, 2016-cı ildə 35,6 faiz səviyyəsində idi.

Qeyd edək ki, ev təsərrüfatlarının aldığı kreditlərin böyük hissəsini istehlak kreditləri təşkil edir. 2020-ci ilin oktyabrın sonuna olan məlumata əsasən, ev təsərrüfatları 6 milyard 765 milyon manat kredit alıb ki, bunun da 6 milyard 100 milyon manata yaxını istehlak kreditlərindən, qalanı biznes kreditlərindən ibarətdir. Ev təsərrüfatlarının sahibkarlıq fəaliyyəti ilə əlaqədar aldığı kreditləri nəzərə almasaq istehlak kreditlərinin kredit qoyuluşunda payı 40 faiz səviyyəsindədir.

Halbuki 2016-cı ildə istehlak kreditlərinin cəmi kredit qoyuluşunda payı 29,4 faiz olmuşdu. Ötən 3 il ərzində istehlak kreditlərinin payında xeyli artım müşahidə edilib.

Sfera.az bildirir ki, istehlak kreditlərinin artması bankların biznes kreditləri üçün yetəri qədər vəsait ayırmamasının nəticəsidir. Əgər belə olmasaydı ümumi kredit bazarında biznes kreditlərinin xüsusi çəkisi azalmazdı.

2016-cı ilin statistikasına görə kreditlərin 29,4 faizi istehlak, 9 faizi vaxtı keçmiş, qalanı biznes krediti idi. 2020-ci ilin oktyabrında kreditlərin 40 faizi istehlak, 6,8 faizi vaxtı keçmiş, geridə qalanı isə biznes krediti təşkil edib. Son 3 ildə bankların kredit qoyuluşunda biznes kreditlərinin xüsusi çəkisinin xeyli azalması görünür.

Azərbaycan iqtisadiyyatı üçün biznesə kredit qoyuluşu, istehlak sektoruna kredit qoyuluşundan daha önəmlidir. Çünki istehlaka yönəldilən vəsait daha çox idxalı artırdığı halda, biznes sektoruna ayrılan kreditlər yeni istehsal sahələrinin yaradılmasına, ixracın artırılmasına kömək edir. Bu baxımdan biznes sektoruna kredit qoyuluşunun artması tövsiyə olunur.

Biznes sektoruna kredit qoyuluşunun azalması bir neçə səbəblə bağlıdır. Səbəblərin bir qismi banklardan, digər qismi sahibkarlardan qaynaqlanır.

Sahibkarların çoxu banklara müraciət etməkdən qorxurlar. Çünki bankların yeni şəraitdə tələbləri sərtləşib. Biznes fəaliyyətinin ağırlaşması banklardan daha yaxşı vəziyyətdə olan sahibkara kredit ayırmağı tələb edir. Digər sahibkarlara isə yalnız güclü təminat, girov olduqda kredit ayrılır. Girov tələbi sahibkarları kredit götürməyə ehtiyatla yanaşmağa vadar edir. Kredit götürmək istəyənlərin bəzilərinin ödəniş qabiliyyəti banklarda şübhə doğurur. Buna görə də banklar girov tələblərini gücləndirib. Bununla yanaşı banklar girov qəbul edən zaman girovun dəyərini bazar dəyərindən xeyli aşağı hesablayır. Banklar bunu belə izah edir ki, girov kimi qoyulan əmlakın dəyəri gələcəkdə aşağı düşə bilər, buna görə də girov dəyəri aşağı götürülür.

Sahibkarlar isə pandemiya ilə əlaqədar iqtisadi risklərin artmasını nəzərə alaraq girov qoymaqdan çəkinir.

Yaranmış vəziyyətdə banklar üçün istehlak kreditləri daha əlverişlidir. Çünki istehlak krediti vermək banklar üçün daha asandır. İstehlak kreditində faiz yüksəkdir, eyni zamanda kiçik məbləğdə verilir. Belə kreditlərin qaytarılmama ehtimalı azdır. Bir qədər iri istehlak kreditlərinə girov təminatı da ala bilirlər ki, bu da kreditin geri qaytarılmama riskini azaldır.

Amma hazırda hər bank kütləvi şəkildə istehlak krediti də vermir. Banklar daha çox əmək haqqı və pensiya əsasında istehlak krediti ayırır. Bu cür kreditlər arasında plastik kartlarla verilən istehlak kreditlərida var. Son vaxtlar plastik kartlarla verilən kreditlərin məbləği və sayı artır.

Biznes kreditlərinin artmamasının bir səbəbini də sahibkarların özləri ilə əbağlıdır. İndi sahibkarlar biznes layihələrinə başlamazdan əvvəl daha çox götür-qoy edir. Sahibkarların bir çoxu öz bizneslərini kiçiltdir, bəziləri isə yeni layihələrə ehtiyatla yanaşır. Sahibkarların ümumi gəlirliliyi azalıb və bu amil də götürülən biznes kreditlərinin həcminə təsir göstərib.

Sadalanan amillər biznes kreditlərinin ümumi kredit qoyuluşunda payının azalmasına səbəb olub ki, bu da başadüşülən və gözlənilən bir haldır. Bununla belə qeyd edək ki, biznes kreditləri üzrə faizlər əvvəlki dövrlərlə müqayisədə aşağı düşüb və indi bu faizlərlə kredit götürmək əlverişlidir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR