Logo

Bu gün tarixi qərar verilə bilər – Neft kəskin bahalaşacaq

Bu gün tarixi qərar verilə bilər – Neft kəskin bahalaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"OPEC+” çərçivəsində əldə edilən razılaşmaya əsasən 2021-ci ilin yanvarından neft ixrac edən ölkələr gündəlik hasilatı bir qədər artırmalıdır. Pandemiyanın ikinci dalğasının müşahidə edildiyi və bununla əlaqədar bəzi məhdudiyyətlərin tətbiq olunduğu indiki vəziyyətdə hasilatın artırılması böyük risk yaradır. Belə ki, pandemiya şəraitində neftə olan qlobal tələb zəiflədiyindən hasilatın artırılması neft qiymətlərini aşağı sala bilər.

Bir neçə gün öncə "Brent” neftinin qiymətinin 36 dollara qədər enməsi də bunun əlaməti idi. Buna görə də "OPEC+” çərçivəsində təklif edilir ki, neft hasilatının artırılması təxirə salınsın.

Sfera.az xatırladır ki, bu ilin aprelin 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilən razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barel, iyul-dekabrda 7,7 milyon barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər isə 5,8 milyon barel azaldılmasını nəzərdə tutur.

İyunda neft qiymətlərinin sabitləşməsini təmin etmək məqsədilə ölkələr hasilatın 9,7 milyon barel azaldılması razılaşmasını iyula qədər uzatmışdı.

Bu gün"OPEC+" Monitorinq Komitəsinin növbəti iclası olacaq. Əksər ölkələr hasilatın 7,7 milyon barel azaldılması razılaşmasını 2021-ci ilin ilk aylarında da qalmasını məqbul hesab edir. Bəzi ölkələr hətta hasilatın bir qədər də azaldılmasını təklif edir. Buna görə də bugünki toplantıda həm hazırda tətbiq olunan (gündəlik 7,7 milyon barel) hasilatın azaldılması üzrə məhdudiyyətlərin vaxtının uzadılması, həm də daha dərin məhdudiyyətlərin tətbiq olunması məsələləri müzakirə ediləcək.

Hazırda dünyada neftə olan gündəlik tələb 82 milyon barel, gündəlik hasilat 95-96 milyon bareldir. Hasilatın daha çox azaldılması neft qiymətlərinin arzulanan 50 dollar səviyyəsinə qaldıra bilər. Əgər hasilatı bu qədər azaltmaq mümkün deyilsə, o halda, bahalaşma üçün dünyada karantinin başa çatmasını gözləmək lazım gələcək.

Proqnozlara görə dünyada pandemiya ən tezi 2021-ci ilin birinci yarısında başa çatacaq. Buna görə də "OPEC+” ölkələri iyula qədər hasilatı 7,7-9,7 milyon barel intervalında saxlamaq istəyirlər. Güman edilir ki, pandemiyadan sonra dünya iqtisadiyyatı sürətlə bərpa olunacaq və neftə tələb yenidən əvvəlki səviyyəsinə yaxınlaşacaq. O zaman neft hasilatının 8-10 milyon barel azaldılması bahalaşma üçün kifayət edəcək.

Qeyd edək ki, ucuz neft sadəcə iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkələrə zərər vurmur. Son ayların nəticəsi göstərir ki, ucuz neft qlobal iqtisadiyyatın böhrandan çıxmasını çətinləşdirir. Qlobal iqtisadiyyat üçün neftin həddən artıq ucuz olması maliyyə böhranı riskini də artırır. Çünki bu vəziyyətdə neft şirkətlərinin maliyyə öhdəliyini icra etməmək ehtimalı güclənir. Neft iqtisadiyyatının həcmi neftin qiyməti 50 dollar olduqda 2 trilyon dollara yaxın idi. Neftin qiyməti 20-25 dollara düşdükdə qlobal iqtisadiyyat sadəcə olaraq 1-1,2 trilyon dollar itirmir, həm də bu sahə ilə bağlı olan biznes dairələrini iflic edir, onların öz öhdəliklərini yerinə yetirməsini çətinləşdirir.

Hazırda neft şirkətlərinin ümumi borcu trilyon dollardan artıqdır. Onların ucuz neft səbəbindən normal gəlir əldə etməməsi onunla nəticələnəcək ki, aldıqları borcları geri qaytara bilməyəcəklər. Bununla da neft iqtisadiyyatında yaranan böhran özü ilə bərabər maliyyə böhranı da yarada bilər. Bu səbəbdən də iri sənayeyə sahib olan ölkələr neftin qiymətinin optimal səviyyədə olmasını arzulayırlar.

Optimal neft qiymətinin isə 40-60 dollar intervalında olduğu bildirilir. Azərbaycan üçün qiymətlərin 50-60 dollar intervalında olması məqbuldur. Bu qiymət səviyyəsi həm tədiyə balansında tarazlıq yaratmağa imkan verir, həm dövlət büdcəsində kəsiri xeyli azaldır, həm də Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alır. İndi Azərbaycan neftinin qiyməti 44 dollardır. Əgər "OPEC+” ölkələri razılaşma əldə edə bilərsə, böyük ehtimalla neft qiymətləri tədricən 50 dollara doğru yüksələcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR