Logo

TAP üzrə qaz ixracına başlanılıb; yüksək gəlirlər nə vaxt olacaq? - PROQNOZ

TAP üzrə qaz ixracına başlanılıb; yüksək gəlirlər nə vaxt olacaq? - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Trans-Adriatik Boru Kəməri (TAP) üzrə kommersiya fəaliyyətinə başlanılıb. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir.

Layihə üzrə kommersiya fəaliyyətinə başlanılmasını sfera.az saytına şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırlatdı ki, 2020-ci ilin oktyabrın 23-də TAP tikinti işlərini yekunlaşdırdığı və test işlərinə başladığı haqqında elan verdi. "Bu elandan sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Azərbaycan qazının Avropaya nəqli bir neçə ayın yox, bir neçə həftənin işidir”, - deyən İ.Şaban söylədi ki, 2020-ci ilin noyabrın 15-dən Avropaya TAP vasitəsilə Azərbaycan qazının ixracına başlanılıb.

Ekspert ilk illərdə Azərbaycanın Avropaya qaz ixracından yüksək gəlir əldə etməyəcəyini, gəlirin tədricən artacağını bildirdi: "2020-ci ildə TAP üzrə ixrac ayyarım olacaq. Hasilat tədricən artacaq, istehlakçı da qazı tədricən qəbul edəcək. Azərbaycan Avropaya layihədə nəzərdə tutulan 10 milyard kub metr qazın ixracını 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində təmin edə biləcək. 2023-cü ildən başlayaraq qazın satışından gəlir yüksək olacaq, amma onun əsas hissəsi investisiya xərclərinin ödənilməsinə sərf ediləcək.

2018-ci ilin iyunundan "Şahdəniz - 2” layihəsi üzrə kommersiya qazının satışına başlanılıb. "Şahdəniz-2” layihəsi üzrə kapital xərcləri təxminən 24 milyard dollar olub. "Şahdəniz - 2” layihəsi çərçivəsində 16 milyard kub metr qaz çıxarılacaq ki, bunun da 6 milyard kub metri Türkiyəyə, 10 milyard kub metri Avropa ölkələrinə satılacaq. İlk mərhələdə gələn gəlirin əsas hissəsi layihəyə qoyulan kapital xərclərinin ödənilməsinə sərf ediləcək. Sonra Azərbaycana çatacaq gəlirin payı yavaş-yavaş artacaq. İlk mərhələdə kapital xərclərinin ödənilməsinə gəlirin 70 faizi, sonra 50 faizi, bir neçə ildən sonra isə 20-30 faizi ödəniləcək.

Bu qədər xərcin ödənilməsi neftin və qazın satış qiymətindən asılı olaraq 5 ildən 10 ilə qədər çəkə bilər. "Şahdəniz” layihəsi üzrə kondensat da hasil edilir. Dünya bazarlarında neftin qiyməti 40 dollar səviyyəsindədir. Yaxın 5-10 ildə orta qiymət yüksək olarsa, kapital xərcləri daha tez ödəniləcək. Aşağı olarsa, xərclərin ödənilməsi müddəti uzanacaq. Hazırda "Şahdəniz”dən 30 min bareldən artıq kondensat hasil edilir. İki ildən sonra kondensat hasilatı 2 dəfəyə yaxın artacaq. Buna görə də hər şey hasilatın həcmindən və qiymətlərdən asılıdır”.

İ.Şaban qeyd etdi ki, qaz ixracından əldə ediləcək gəlir neft ixracında gözlənilən azalmanı tam əvəz edə bilməyəcək: "Qaz hasilatındakı artımın neft hasilatındakı azalmanı tam əvəzləyə bilməsi mümkün deyil. Burada müqayisə aparılan zaman hansı illərin götürülməsi ödəmlidir. Məsələn, 2020-ci ildə neft ixracından Neft Fonduna çatacaq mənfəətin dəyəri 4,2 milyard dollar olacaq. Qaz ixracından 5-6 il sonra hər il 5-6 milyard dollar gəlir götürmə ehtimalı var. Bu ehtimal qazın qiymətində orta dövrdə gözlənilən artımı da nəzərə almaqla irəli sürülür. Belə aydın olur ki, Azərbaycan 5-6 il sonra neftlə müqayisədə qaz satışından daha çox gəlir əldə edəcək.

Amma neftin pik gəlirinin olduğu illərlə müqayisədə görürük ki, nəticə fərqlidir. 2011-ci ildə Neft Fonduna neft ixracından 19,8 milyard dollar vəsait daxil olub. Qaz ixracından bu qədər gəlir əldə etməyimiz mümkün deyil.

Bütün qaz layihələrimiz işləsə, ildə 10 milyard gəlir əldə edə bilərik. Bu, ehtimaldır. Neft ixracından indiki gəlirləri nəzərə aldıqda isə deyə bilərik ki, qaz gəlirlərinin onu üstələmək imkanı var.

Ən pis variantda neft və qaz gəlirlərini götürsək, Azərbaycan hər il karbohidrogenlərin ixracından 7-8 milyard dollar gəlir əldə edəcək. Bu qədər gəlir Azərbaycan iqtisadiyyatında, onun tədiyə balansında tarazlığı təmin etməyə imkan yaradır.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi onun qarşısında yeni üfüqlər də açır. İqtisadiyyatın neft və qaz gəlirlərindən asılılığı gələcəkdə bir qədər də azalacaq. İlk illərdə işğaldan azad edilən ərazilərdə yaşayış, sənaye, kənd təsərrüfatı, xidmət infrastrukturunun qurulması üçün böyük vəsaitə ehtiyac var. Həmin vəsaitlər hesabına kənd təsərrüfatının, sənayenin, turizmin, tikintinin potensialı artacaq.

Mən nikbinəm ki, işğal altında olan ərazilərdə məskunlaşma həyata keçirildikcə, orada tikinti işləri genişləndikcə, yeni iş yerləri yaranacaq, iqtisadi fəallıq artacaq. Bunun hesabına yaxın illərdə iqtisadiyyatın strukturunda xammaldan gələn gəlirlərin xidmət, tikinti, turizm, kənd təsərrüfatı, sənaye sahələrindən gələn gəlirlərlə yerinin dəyişməsinini müşahidə edəcəyik”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR