Regional əməkdaşlıqda Azərbaycan əsas oyunçuya çevriləcək – Təhlil
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla bərabər yaxın gələcəkdə regionumuzda nəqliyyat-infrastruktur sisteminin inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir.
Birgə bəyanatın 9-cu bəndində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Sfera.az bildirir ki, əgər razılaşmanın şərtlərinə əməl olunarsa, gələcəkdə Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələri bərpa oluna bilər. Məlumdur ki, Ermənistanın təcavüzü ilə əlaqədar 1992-ci ildən bu ölkənin Azərbaycanla və Türkiyə ilə sərhədləri bağlıdır. Mövcud vəziyyət regionun nəqliyyat-infrastruktur potensialından tam istifadəyə imkan vermirdi. Ermənistanın uzun illərdir yaratdığı çətinliyə baxmayaraq Azərbaycanın qoşulduğu və dəstəklədiyi layihələr ölkəmizin regionun nəqliyyat qovşağına çevrilməsinə imkan verib. Lakin Ermənistanla sərhədlər açıq olsaydı regionun potensialından daha geniş istifadə imkanları yaranardı.
Noyabrın 10-da imzalanan bəyanat bu imkanın yaradılması istiqamətində ilk addım hesab edilə bilər. Hazırda bütün Şərq və Qərb nəqliyyat yolları Azərbaycanda kəsişir. Gələcəkdə Şimal və Cənub yollarının da Azərbaycanda kəsişməsi ehtimalı yüksəkdir. Ermənistan sülhə meyilli olacağı təqdirdə onun Azərbaycan və Türkiyənin vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizinin iştirakçısına çevrilmək imkanı var.
Bütün nəqliyyat yollarının hamısı Avropa İttifaqı ilə əlaqəlidir. Avropa İttifaqı da Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə etiraz etmir, hətta bunu dəstəkləyir. Ermənistanın bu əlaqələrə qoşulma imkanlarını nəzərə alsaq dəstəyin bir qədər də güclənəcəyi yəqindir.
Bakı-Tiflis-Qars dəmir yol xətti inşa edildiyi dövrdə Avropa İttifaqı Ermənistanın da bu layihəyə qoşulmasında israr edirdi və layihəyə kredit ayrılması üçün əsas şərtlərdən biri kimi bu tələbi irəli sürürdü. Lakin Azərbaycanın israrlı mövqeyi Ermənistanı layihədən kənarda qoydu. Buna görə layihəyə kredit ayrılmasa da Azərbaycan öz vəsaiti hesabına layihəni maliyyələşdirə bildi. Əlaqələr bərpa olunarsa, Ermənistan bu layihəyə qoşulmaq imkanı əldə edəcək.
Hazırda Çin və Hindistan arasında olan ticarət dövriyyəsinin böyük hissəsi Rusiya üzərindən həyata keçirilir.
Qarşılıqlı ticarət əməliyyatlarında Rusiyanın dəmir yol və avtomobil yolu şəbəkəsindən istifadə olunur. Avropa İttifaqının qarşısında yeni və alternativ marşrut xətlərinin yaradılması, Şərq-Qərb layihəsinin daha sürətlə inkişaf etdirilməsi, Şanxaydan Londona qədər yüklərin daha tez və ucuz çatdırılması məsələsi var idi. Bu məqsədlə Avropa İttifaqı Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizini dəstəklədi və dəmir yol xətti istifadəyə verildi. Azərbaycandan keçən yol qısa və ən ideal yol sayılır. Avropa İttifaqı Rusiya üzərindən keçən malların bir qədər azaldıb, onun bir hissəsinin Azərbaycan üzərindən keçməsində maraqlıdırlar.
Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Avropanın gələcəkdə qazla təminatında da Rusiyadan asılılığın azaldılması məsələsi gündəmdədir və belə bir hədəf var. Avropa İttifaqı istəyir ki, marşrutlar şaxələnsin. Cənub Qaz Dəhlizi marşrutların şaxələndirilməsində mühüm rol oynayacaq.
2021-ci ildən Avropaya Azərbaycan qazının ixracı başlayır. Qaz kəmərinin ötürücülük qabiliyyəti 30-31 milyard kubmetr olacaq. Azərbaycanın satacağı qaz isə 10 milyard kub metrdir. Bu kəmərlə əlavə qaz həcmlərinin ötürülməsi üçün imkanlar var. Avropa İttifaqı istəyir ki, bu kəmərlə Türkmənistanın, gərginlik aradan qalxarsa İranın hasil etdiyi qazın, İraqın şimalında hasil edilən qazın bir hissəsinin bu kəmər vasitəsilə ixracı mümkün olsun. Avropa Birliyi Azərbaycanın nəqliyyat imkanlarını dəyərləndirir və çox də böyük önəm verir. Avropa Azərbaycan üzərindən həm nəqliyyat, həm də enerji dəhlizinin inkişafına səy göstərir. Azərbaycan bu sistemin mərkəzində yer ala biləcək ölkədir.
Ermənistanla sərhədlərin açıqlması Avropada Azərbaycanın əhəmiyyəti bir qədər də yüksələcək və əməkdaşlıq hesabına ölkəmizin nəqliyyat dəhlizinə çevrilməsi üçün texniki, iqtisdadi və siyasi dəstək daha da arta bilər.
Vasif
Sfera.az






