Logo

ABŞ-da demokratların qələbəsi qlobal iqtisadiyyata dair ümidləri artırır – Təhlil

ABŞ-da demokratların qələbəsi qlobal iqtisadiyyata dair ümidləri artırır – Təhlil
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da hakimiyyətə demokratların gəlməsindən sonra dünya iqtisadiyyatında mövcud olan gərginliyin bir qədər azalacağına dair ümidlər artıb. Məlumdur ki, Tramp hakimiyyəti dövründə Çin ABŞ-ın iqtisadi "düşməni” elan edilib və bu ökəyə qarşı çoxsaylı iqtisadi sanksiyalar, ağır vergilər tətbiq olunub. ABŞ-ın aqressiv davranışını Çin də cavabsız qoymayıb və o da bəzi məhsulların ticarətinə tətbiq edilən vergiləri, rüsumları artırıb.

Sfera.az xatırladır ki, yaranmış vəziyyətdə dünya iqtisadiyyatında gərginlik artıb, ümumi ticarət dövriyyəsi azalıb, investisiya qoyuluşlarında tərəddüdlər yüksəlib. Bunun nəticəsi olaraq dünyada bəzi malların, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən neftin ucuzlaşması əlamətləri müşahidə edilib. Çin dünyada ən böyük neft idxalçısı olduğundan onun iqtisadiyyatında yavaşlamanın olması "qara qızıl” idxalını azaldıb.

ABŞ ekspertləri hesab edir ki, demokratların iqtidarı dövründə Çinə münasibətdə aqressivlik azalacaq, lüzumsuz vergi və rüsum artımları aradan qaldırılacaq. Güman edilir ki, demokratların namizədi Co Bayden 2021-ci ilin yanvarından prezident vəzifəsinin icrasına başlayan kimi atacağı ilk addımlardan biri məhz Çinlə olan ticarət gərginliyinin azaldılması olacaq.

Bu gözlənti ilə əlaqədar birjalarda bir qədər canlanma var. Canlanmanın nəticəsi kimi son günlərdə neft qiymətlərinin müsbətə doğru meyillənməsi müşahidə edilir. Baydenin qələbə qazanması dəqiqləşəndən sonra bu həftənin ilk günündən başlayaraq neft bahalaşır. "Brent” markalı neftin qiyməti son 3 gündə təxminən 5 dollar (12 faiz) artaraq 44 dolları ötüb. "Brent” neftiqinin qiyməti 44 dollarlıq həddi sonuncu dəfə 2020-ci ilin sentyabrın 2-də ötmüşdü.

Qlobal iqtisadiyyatda narahatçılıq yarananda həmişə qızıl bahalaşır. Əksinə, qlobal iqtisadiyyatdakı vəziyyətin yaxşılaşacağına dair ümidlər güclənəndə qızıl ucuzlaşır.

Co Baydenin qələbə xəbəri qızılı ucuzlaşdırır. Bu həftə ərzində qızıl 5 faizə yaxın ucuzlaşıb. Ötən həftə bir toyan unsiyası (31,1 qram) 1960 dollara satılan saf qızılın qiyməti hazırda 1870 dollar səviyyəsindədir.

Xatırladaq ki, ABŞ-la Çin arasında ticarət gərginliyinin yaranması ABŞ-ın xarici ticarət əməliyyatlarında olan kəsirin böyük hissəsinin Çinin payına düşməsi ilə bağlıdır. İki ölkə arasında ticarət dövriyyəsi olduqca böyükdür. Ticarət gərginliyinin başladığı 2017-ci ildə Çin ABŞ-dan 120 milyard dollarlıq idxal həyata keçirdiyi halda ABŞ-a 500 milyard dollarlıq ixrac həyata keçirirdi. Nəticədə ABŞ-ın Çinlə ticarətində 380 milyard dollarlıq mənfi saldo yaranırdı. ABŞ hökuməti hesab edir ki, bu adalətsiz vəziyyətdir və hökmən aradan qaldırılmalıdır. Bunun üçün ABŞ Çindən ticarət müqaviləsinin bağlanmasını istəyir.

Bir çox xarici ekspert, beynəlxalq iqtisadi institut mövcud vəziyyətin dünya iqtisadiyyatı üzərində ciddi təsirlərinin olduğunu bildirir. Beynəlxalq birjalarda indekslərdə kəskin tərəddüdlərin də bu gərginlikdən qaynaqlandığı deyilir.

Həqiqətən də təcrübə göstərdi ki, iki nəhəng dövlət arasında baş verən ticarət "müharibə”si ümumən dünya iqtisadiyyatını zədələndi. Çünki hər iki ölkə dünya iqtisadiyyatının əsas güclərindən sayılır. Dünya qiymətli kağızlar bazarında ABŞ və Çinin xüsusi çəkisi hamıdan yüksəkdir, hər iki ölkə dünyada ən çox mal alan və satandır, bu ölkələr istehsalın həcminə görə birinci və ikinci yerləri tutur, bu ölkələr arasında olan ticarət dövriyyəsi digər ölkələrlə müqayisədə böyükdür.

Yaranmış vəziyyət iki ölkə arasında valyuta savaşını da gücləndirir. Çin ABŞ-ın davranışlarına reaksiya olaraq milli valyutası olan yuanı ucuzlaşdırdı. Əvvəl 6,5 yuan olan dollar qısa müddətdə 7,5 yuana qədər bahalaşdı. Dolların bahalaşması ona olan tələbi artırdı və dollarla yığım böyüdü. ABŞ-ın mərkəzi bankı dollar/yuan məzənnəsində kəskin dəyişiklikləri istəmir. Çünki bu dəyişikliklərindən sonrakı situasiyanı idarə etmək çətin olur.

ABŞ-la Çin arasında olan ticarət dövriyyəsinin azalması başqa ölkələrin ticarətini artırmadı. İki ölkə arasında ticarət olunan məhsulların çeşidinə baxdıqda görürük ki, bu məhsullara olan ehtiyacı digər ölkələr hesabına ödəməyə ehtiyac yoxdur. ABŞ və Çin istənilən sahədə, müxtəlif məhsul istehsal edir. Bu ölkələr əksər məhsullarla özlərini təmin edir. Dünyada elə bir ölkə yoxdur ki, özünü yerli istehsalla tam təmin etsin. Amma müəyyən mənada iqtisadi təhlükəsizliyini təmin edən ölkələrdən birinci onluğa həm ABŞ, həm də Çin düşür. Buna görə də iki ölkə arasında ticarətin azalmasından digər ölkələr faydalana bilmədi və bununla da qlobal ticarət zəiflədi.

İndi vəziyyətdən çıxmaq üçün əsas məsələlərdən biri ticarət savaşının dayandırılmasıdır. Bununla bağlı gözlənti çoxdur və bu baş verərsə, neft qiymətləri ilə bağlı pessimistlik bir qədər azalacaq.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR