Şahbaz və Dilqəmdən nə xəbər var? – Doğmaları danışdı
"Artıq 7 ildir ki, atam girov saxlanılır. Hər gün azad olunacağı barədə xəbər gözləyirik ”.
Bu sözləri erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Sfera.az-a açıqlamasında söyləyib:
"Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları zəng vurub söyləmişdi ki, atan Şuşa ərazisinə gətirilib. Ancaq Azərbaycan ordusunun Şuşaya daxil olduğu zaman atamı Ermənistana aparıblar. Mənə bildirdilər ki, atanızın yanına gedib, ona baş çəkəcək və sizi məlumatlandıracağıq. Lakin hələ də məlumat yoxdur”.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə hələ də məlumatsız olduğunu bildirib:
"Dəfələrlə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinə zəng vurub maraqlanmışam. Sonuncu dəfə deyiblər ki, qardaşın hazırda Ermənistan ərazisindədir.Ümid edirəm ki, tez bir zamanda ordan da Azərbaycana gətiriləcək. Hər gün yuxudan bu istəklə ayılıram. Tezliklə o günləri görməyi Allah bizlərə nəsib etsin ".
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz dədə-babalarının qəbirlərini ziyarət edərkən, ermənilər tərəfindən girov götürülüb. Onlar üzərində qurulan "məhkəmə” ilə D.Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Jalə Mehdi
Sfera.az






