Dəhlizin açılması Naxçıvan iqtisadiyyatını blokadadan çıxaracaq - ŞƏRH
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı bəyanatda vacib bəndlərdən biri də Naxçıvan Muxtar Respublikası (MR) ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizinin açılması ilə bağlıdır. Razılaşmaya əsasən Azərbaycan Laçında dəhlizin açılmasına razılıq verdiyi kimi, Ermənistan da öz ərazisindən Naxçıvanla Azərbaycanın qərb rayonlarının əlaqəsinə təminat verir.
Sfera.az xatırladır ki, 1992-ci ildən Naxçıvan MR blokada vəziyyətindədir. Muxtar Respublikanın blokadada olması onun iqtisadiyyatına mənfi təsir edir. Bu müddətdə Naxçıvan MR-da istehsal edilən məhsulların xarici bazarlara çıxarılması çətinləşib, iqtisadi əlaqələr zəifləyib.
Bu baxımdan dəhlizin açılması Muxtar Respublika və Azərbaycan iqtisadiyyatına hansı imkanlar yaradacaq?
Dəhlizin açılmasının Naxçıvan MR üçün iqtisadi əhəmiyyətini Sfera.az-a şərh edən iqtisadçı alim, keçmiş millət vəkili, əslən Naxçıvanlı olan Əli Əlirzayev hesab edir ki, belə bir imkanın yaradılması ilk növbədə Muxtar Respublikanın blokadadan çıxması deməkdir. Onun fikrincə, blokadanın aradan qaldırılmasının Naxçıvan üçün iqtisadi əhəmiyyəti olduqca böyükdür: "Muxtar Respublikanın iqtisadiyyatında daha yaxşı nəticənin əldə edilməməsinin başlıca səbəbi blokadadır. Blokada iqtisadiyyatın inkişafını tormozlayır. Dəhlizin açılması ilə bu tormoz tam məhv olacaq, Naxçıvanın Azərbaycanın digər hissələri ilə təmasları artacaq, istehsal edilən məhsulların Azərbaycanın digər bazarlarına çıxışı asanlaşacaq. Bunun nəticəsi olaraq Naxçıvan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına tam qovuşacaq.
Naxçıvanın iqtisadiyyatı uzun müddətdir ki, blokada şəraitində inkişaf edir. Bu regionun iqtisadiyyatı onun təbii resurslarından, meyvə-tərəvəzindən, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə bərabər onların satışından da asılıdır. Blokada bu məhsulları başqa bazarlara çıxarılmasını çətinləşdirirdi.
Blokadaya görə satış zəif olduğundan Naxçıvana kapital-investisiya qoyuluşları da artacaq. Çox insan blokada şəraitini nəzərə alaraq investisiya qoymağa risk etmirdi. Həm yerli, həm də xarici sahibkarlar Naxçıvana sərmayə qoymağa ehtiyatla yanaşırdı.
Naxçıvanın təbii sərvətlərindən ancaq böyük investisiyalar yolu ilə istifadə etmək olar. Burada çoxlu mineral su qaynaqları var. Mineral sular istehsal edilsə də onların daha böyük bazarlara çıxarılması baha başa gəlirdi. Bunun üçün ya İran vasitəsilə uzun yol qət edilməli idi, ya da təyyarədən istifadə edilməliydi. Bu vəziyyət nəqliyyat xərclərinin xeyli artmasına səbəb olurdu ki, bunun nəticəsində də məhsulların bazarlardakı qiyməti daha çox yüksəlirdi.
Dəhliz açılandan sonra 3-4 saata məhsulları Bakı bazrına çatdırmaq mümkün olacaq. Bununla həm yükdaşıma xərcləri azalacaq, həm də vaxt itkisi aradan qalxacaq.
Dəhlizin yaradacağı imkanlar Naxçıvan iqtisadiyyatının dirçəldilməsinə şərait yaradacaq. Buradan avtomobil və dəmir yolları çəkiləcək. Muxtar Respublikadan kənara çıxan nəqliyyat infrastrukturunun əlverişli olması kənd təsərrüfatı və sənaye məhdullarını xarici bazarlara da çıxartmaq imkanları yaradacaq.
Bütün bunlar Naxçıvanda iqtisadi potensialın dövriyyə cəlb edilməsini asanlaşdıracaq”.
Ə.Əlirzayev söylədi ki, dəhlizin olması Azərbaycanın digər hissəsinin iqtisadiyyatının inkişafına, eyni zamanda İranın, Türkiyənin yaxın regionlarının iqtisadiyyatının inkişafına kömək edəcək. O bu axımdan dəhlizin açılmasının geosiyasi cəhətdən də əhəmiyyətli olduğunu düşünür: "Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, regional əməkdaşlığın genişlənməsi fonunda dəhlizin əhəmiyyəti daha da artacaq. Bu dəhlizdən sadəcə Naxçıvan, Azərbaycanın digər hissəsi yox, həm də Türkiyə və İran faydalanacaq. Naxçıvan coğrafi mövqeyinə görə Şərqin qapısıdır. Azərbaycandan Türkiyəyə, İrana və əks istiqamətdə yüklərin daşınması asanlaşacaq.
Regionda səfərlərin sayının artması turizmin inkişafını sürətləndirəcək. Naxçıvan gözəl təbiəti var, mineral su qaynaqları, kurort zonaları var. Yolun açılması Naxçıvanda turizmin inkişafına da kömək edəcək.
Gələcəkdə neftin, qazın da buradan nəqli imkanları nəzərdən keçirilə bilər. Bundan başqa İpək Yolu layihələri çərçivəsində infrasturktur xəttlərinin bir hissəsinin buradan keçirilməsi imkanı var.
Dəhlizin açılması Naxçıvanla bərabər Azərbaycanın özünün də potensialının artmasına şərait yaradacaq.
Ona görə də dəhlizin açılması iqtisadi cəhəti ilə bərabər böyük geosiyasi əhəmiyyəti olacaq”.
Vasif






