Logo

“Arzu etdiyimiz o gözəl xəbərləri vermək…” – Şəfəq Əlixanlı ilə MÜSAHİBƏ

“Arzu etdiyimiz o gözəl xəbərləri vermək…” – Şəfəq Əlixanlı ilə MÜSAHİBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür.

Sfera.az bu gün münasibətilə Azərbaycan Radiosu "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı ilə müsahibəni təqdim edir:

- Şəfəq xanım radio mənim həyatımın mənasıdır söyləmisiniz, bu sevgi nədən irəli gəlir?

- Bu gün artıq Azərbaycan Radiosu Televiziyasında çalışmağımdan 40 il ötür. Bu müddət bütün anlamlarda mənim həyatımın ən gözəl anlarına çevrildi. Çünki, həyatımın anlamına çevriləcək ən gözəl anlar, taleyimin radioda tapması oldu. Ömür gün yoldaşım Vaqif Əlixanlı da radioya bağlı insandır. Bu taleyimin üzümə gülən tərəfidir, yəni şəxsi anlam olaraq bunu deyə bilərəm. Böyük anlamda deyə bilərəm ki, ölkəmizin ən çətin dönəmlərində xəbərləri dinləyicilərə çatdırmaq özü bir məsuliyyət idi. Təssəvürünüzə gətirin işğal olunmuş ərazilərimizin işğal tarixlərini, böyük ürək ağrısı ilə dinləyicə çatdırmaq, biz aparıcılara çox pis təsir edirdi. Düşüncəsi belə insanı məhv edir. İndi sözün əsl mənasında sevincliyəm, ona görə ki, bir zamanlar arzu etdiyimiz o gözəl xəbərləri vermək indi bizlərə nəsib olur. İşğal olunmuş o cənnət diyarlarımızın qarış-qarış, kənd-kənd azadlıq xəbərlərini dinləyicilərə çatdırırıq. Bu anlar bizə qismət olubsa, demək arzularımızın çin olan vaxtıdır.

- Şəfəq xanım bugünkü gənc nəsl aparıcılar sizi qane edirmi?

- Bax bu sözü zamanında doğru deyiblər -"Uman yerdən küsərlər”. Bəlkə də biz gənclərimizdən çox şey umuruq deyə gileylənirik. Mənə elə gəlir ki, bu giley yox, daha çox sevgidən irəli gəlir. Çünki biz öz dövrümüzdə dilimizi daha çox sevirdik. Azərbaycan radiosu həmişə öz dilinə sadiq qalıb, baxmayaraq ki, çətin dönəmlərdə rus dilinin basqısı olurdu, ancaq yenə də dilimizi bolşevikin təsirindən qoruya bilirdik. İndi fikir verirəm istər televiziya, istərsə də radio olsun yabancı dillərə münasibətin üstünlük təşkil etdiyini görürəm. Əlbəttə ki, yad dildə danışmaq istəyən aparıcılar bizi daha çox incidir. Məhz bu səbəbdən gileylər olur. Lakin Qarabağ müharibəsi dönəmində informasiya savaşı aparan vətənpərvər gənclərimizi görəndə, həqiqətən duyğulanıram. Bu günkü anların aparıcılarını sanki zaman özü redaktə etdi.

- Bildirdiniz ki, həyat yoldaşınız Vaqif Əlixanlı ilə radioda tanış oldunuz. Bu tanışlığın tarixçəsi bizə maraqlıdır?

- Mən Vaqif müəllimin qələminə vuruldum. Çox böyük intellektə sahib insandır. Baxmayaraq ki, aramızda bir xeyli yaş fərqinin olduğunu bilirdim. Ancaq bunların heç biri gözümə görünmürdü. O zamanlar radioda "Bulaq” verilişi gedirdi. Vaqif müəllim də o verilişinin ilk yaradıclarından hesab olunur. Yəni televiziyada da o zamanlar çalışırdı, mən həmişə ona "Vaqif müəllim” deyə müraciət edirdim. Elə oldu ki, eyni redaksiyada çalışmağa başladıq. Ancaq ağlıma gəlməzdi ki, Vaqif müəllim mənə evlilik təklifi etsin. Ona görə ki, o heç kimi bəyənmirdi. Ailəsi tərəfindən də ona xeyli gənc qızlar təklif edilmişdi. Heç birinə razılıq verməmişdi. Nə demək olar, Allahın qisməti oldu ki, bizim ulduzumuz barışdı və mən razılıq verəsi oldum. Çox şükürlər olsun ki, biz artıq birlikdə 40 ildən çoxdur ki, ömür sürürük.

- Övladlarınızdan bu sahənidavam etdirənlər oldumu?

- Dörd övladım var. Ancaq heç biri bu sahədə çalışmır. Onlar daha çox pedaqoji sahəyə meyl göstərdilər.Bir qızım diplomatdır, digəri doktorantura təhsili alır, yəni bilirsiniz söz bir az çətin cəbhədir. Söz cəbhəsində sinə gərib durmaq hər igidin işi deyil. Bir valideyn olaraq heç birinə nə mən, nə də ataları müdaxilə etmədik. Seçimlərinə də hörmətlə yanaşdıq. Çünki gözlərini açıb qələm, kitab görüblər. Bir qızım da müəllimədir. Yəni bu sahələrdə özlərini peşəkarlaşdırmağa nail olublar.

- Efirdə çətinliklə üzləşdiyiniz məqamlar olubmu?

- O qədər çətinliklərlə üzləmişəm ki, saysam bitməz.Təsəvvürünə gətir canlı efirə çıxırsan, qəfil bəd xəbər alırsan. Bu insan halı ilə bağlıdır. Yaxud əhvalın olmur. Ancaq sənin ixtiyarın yoxdur ki, o içindəki ağrını, kədəri milyonlara yansıdasan. Bu milyonlar sənin içindəki o kədəri bilmədən səndən günün sözünü gözləyirlər. İnanın ki, bu anları yaşamağın özü insanı çətinliklə üz-üzə qoyur. Təssəvvürünüzə gətirin bir dəfə radyoda efir gedərkən lent qırıldı. İndi siz düşünün günlərdir o proqrama hazırlaşırsan və belə bir hadisə baş verir. Görün indi insan nə vəziyyətə düşür. Belə ekstrimal halları yaşayanda, həqiqətən radio və televiziyanın çətinliyi özünü göstərmiş olur.

-Radio, yoxsa televiziya?

- Demək olmaz ki, birinin özəlliyi digərindən daha çoxdur. Ancaq gənclərimizə tövsiyəm o olardı ki, radyodan keçdikdən sonra televiziyaya gəlsinlər. Çünki radio məktəbini keçən insana, televiziyada işləmək daha asan olur. Bu sənətə sevərək gəlmək lazımdır. Onda daha çox tanınmaq və sevilmək şansın olur.Ən azından ortaya uğurlu iş qoymaq bacarığına sahib olursan.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR