İri dövlət şirkətləri bir mərkəzdən idarə ediləcək - Azərbaycan İnvestisiya Holdinqi nəyi dəyişəcək?
Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiqlənib. Siyahıdan məlum olur ki, 21 dövlət şirkəti, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan 5 şirkət Holdinqin idarəçilyinə verilib.
Sfera.az xatırladır ki, Azərbaycan İnvestisiya Holdinqi dövlət başçısının 2020-ci ilin avqustun 7-də imzaladığı Fərmanla yaradılıb. Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Holdinq publik hüquqi şəxs statusuna malikdir.
Qeyd edək ki, hazırda tam və ya qismən dövlət mülkiyyətində olan şirkətlərin sayı 3 minə yaxındır. Onların 13-ü iri dövlət şirkətləridir. Bu şirkətlər dövlət büdcəsi üçün ağır maliyyə yükünə çevrilib. 2019-cu ilin məlumatına əsasən dövlət mülkiyyətində olan şirkətlər büdcəyə və Dövlət Sosial Müdafiə Fonduna 2,9 milyard manat ödəniş etdiyi halda dövlət büdcəsindən 4 milyard manata yaxın vəsait alıblar. Başqa sözlə, dövlət şirkətləri dövlət büdcəsinə fayda vermədiyi halda əlavə 1 milyard manatdan artıq vəsait cəlb ediblər.
2019-cu ildə Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin (7,67 milyard manat) tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 1,847 milyard manat və ya 24,1% təşkil etməklə 2017-ci ilə nisbətən 11,67 milyon manat və ya 0,6% artıb, 2018-ci ilə nisbətən 36,78 milyon manat və ya 2% azalıb.
Dövlət şirkətlərinin mənfəətlə işləməməsi, xərclərin böyük olması dövlətin xarici borclanmasını da artırır. 2020-ci ilin əvvəlinə olan məlumata əsasən Azərbaycan dövlətinin xarici borcu 9,091 milyard dollar olub. Bunun 61 faizi (5,55 milyard dollar) dövlət şirkətlərinə görə yaranan borcdur. Cəlb olunması nəzərdə tutulan borc vəsaitlərini də nəzərə aldıqda dövlətin xarici borcu 12,43 milyard dollara qədər artacaq. Bu artımda da əsas pay dövlət şirkətlərinin üzərinə düşür.
Bəs, Azərbaycan İnvestisiya Holdinqi nəyi dəyişəcək?
Yeni qurumun yaradılması, dövlət şirkətlərinin bura daxil edilməsi səmərəli idarəetmə ehtiyacı ilə bağlıdır. Vaxtilə Malayziyada təxminən bu cür layihədən istifadə edib və müəyyən uğurlar qazanılıb. Amma Azərbaycanda yaradılan model həmin modelin eynisi deyil. Xarici təcrübə göstərir ki, bu cür idarəetmə modelləri hər zaman uğur gətirmur.
Dövlət şirkətlərinin fəaliyyətinin hesabatlılığı, şəffaflığı və səmərəlilik məsələsi 2015-ci il böhranından sonra ciddi şəkildə gündəmə gəlib və bu istiqamətdə Prezidentin müvafiq sərəncamları olub. Həmin sərəncamlarda Nazirlər Kabinetinə göstərişlər verilib ki, dövlət şirkətlərinin şəffaflığının, hesabatlılığının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə addımlar atılsın. Ötən ilin iyununda Nazirlər Kabinetinin qəbul etdiyi qərara uyğun olaraq 2020-ci ilin iyulun 1-nə kimi dövlət şirkətləri hesabatlarını dərc etməlidir. Bu hesabatlarda maliyyə, illik fəaliyyət hesabatlarının dərc edilməsi tələb olunur. Lakin aparılan müstəqil araşdırmalar göstərir ki, cəmi 3-4 şirkət öz hesabatını açıqlayıb.
İlk dəfə dövlət şirkətlərinin səmərəliliyinin artırılması məsələsi 2006-2007-ci ildə gündəmə gəlmişdi. O zaman şirkətlərə dövlət büdcəsindən yardım verilməsi, subsidiya ayrılması imkanları məhdud idi. Vəziyyətə uyğun olaraq dövlət şirkətlərinin özəl şirkətlərə uzunmüddətli idarəetməyə verilməsi təklifləri var idi. Amma sonradan ölkəyə böyük neft pulları gəldi və dövlət şirkətlərinin problemləri, onların idarəedilməsində şəffaflıq, səmərəlilik məsələləri unuduldu.
2010-cu ilə qədər dövlət şirkətlərinin büdcəyə ödədiyi vergilərdə artım olduğu halda, 2010-2014-cü ilə qədər həmin vergilərin azalması baş verib. 2014-cü ildə neftin ucuzlaşmasından sonra dövlət şirkətlərinin vergi ödənişləri 2015-2016-cı ildə yenidən artmağa başladı. Dövlət şirkətlərinin böyük xərcləri var. Bu xərclər nə dərəcədə əsaslandırılmış xərclərdir, onlara qənaət etmək olarmı kimi suallara cavab tapılmalıdır. Bu şirkətlərin xərclərinin necə formalaşması aydınlaşmalıdır.
Hazırda dövlət şirkətlərinin heç birinci korporativ idarəetmə tətbiq edilmir. Baxmayaraq ki, korporativ idarəetmənin tətbiqi ilə bağlı göstərişlər var. Nazirlər Kabinetinin ötən ilin iyun ayında qəbul etdiyi qərarla dövlət şirkətlərində korporativ idarəetmənin tətbiqi standartı qəbul edilib. Dövlət şirkətlərinə tapşırıq verilib ki, orada müşahidə şuraları yaradılmalıdır. Amma 30 dövlət şirkətindən 5-6-da müşahidə şurası yaradılıb.
Vasif
Sfera.az






