İşğaldan azad edilən ərazilər heyvandarlığın inkişafını sürətləndirəcək – İQTİSADİ PERSPEKTİV
Azərbaycanın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatının inkişafının planlaşdırılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin apardığı hesablamaya əsasən, işğal kənd təsərrüfatına 20 milyard manatdan çox zərər vurub. Bu ərazilərdə təsərrüfat fəaliyyətinə yenidən başlanılması kənd təsərrüfatı məhsullarının istehsalını artıracaq.
Regionun təbii-iqlim şəraiti burada heyvandarlığın inkişafı üçün imkanların daha böyük olduğunu göstərir. Ərazidə 400 mindən artıq iribuynuzlu, 1,5 milyondan artıq xırdabuynuzlu heyvan təsərrüfatları formalaşdırmaq mümkündür.
Sfera.az xatırladır ki, işğala qədər ərazilər heyvandarlığın inkişafı üçün böyük potensiala sahib idi. 1988-ci ildə ərazidə 313 min başdan artıq iribuynuzlu mal-qara olub. İribuynuzlu heyvanların 90,3 mini Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisində, 45 mini Ağdamda, 42 mini Laçında, 37 mini Füzulidə, 33 mini Kəlbəcərdə idi.

Regionda 1,1 milyon baş qoyun və keçi saxlanılıb. Regionun ən böyük qoyun və keçi saxlanılan rayonu Laçın idi. Laçında 243 min baş qoyun və keçi saxlanılıb. DQMV-də 226 min, Ağdamda 194 min, Füzulidə 144 min, Cəbrayılda 118 min, Kəlbəcərdə 108 min qoyun və keçi olub.
Heyvanların baş sayının çox olması heyvan mənşəli məhsulların istehsalı üçün əlverişli şərait yaratmışdı. Bunun hesabına işğal altında olan ərazilərdə 20 min ton ət, 76 min ton süd, 14,5 milyon ədəd yumurta, 1360 ton yun, 846 ton barama istehsal edilirdi.
Təbii ki, müasir imkanlar aqrar təsərrüfatların, o cümlədən heyvandarlıq təsərrüfatlarının inkişaf imkanlarını yaxşılaşdırır. Müstəqillik bərpa edildikdən sonra ölkəmizdə heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. 1988-ci ildə 2 milyon baş iribuynuzlu mal-qara olduğu halda hazırda onların sayı 2,65 milyona yüksəlib. Müqayisə edilən dövrdə qoyun-keçi sayı 5,6 milyondan 8,3 milyon başa, quşların sayı 30,8 milyondan 32 milyon başa yüksəlib.
Eynilə heyvandarlıq məhsullarının istehsalı da artıb. 1988-ci ildə 185 min ton ət (kəsilmiş şəkildə), 1,07 milyon ton süd, 1,08 milyard ədəd yumurta, 11,7 min ton yun, 5,6 min ton barama, 1000 ton bal istehsal edildiyi halda 2019-cu ildə ət istehsalı 336 min tona, süd istehsalı 2,151 milyon tona, yumurta istehsalı 1,827 milyard ədədə, yun istehsalı 16,1 min ədədə, barama istehsalı 644 tona, bal istehsalı 5800 tona yüksəlib.

Sadalanan müsbət dəyişikliklər torpaqlarımızın 20 faiz hissəsində iqtisadi fəaliyyətin mümkün olmadığı şəraitdə baş verib. Əgər bu ərazilərdə də heyvandarlıq inkişaf etdirilsəydi, o halda daha çox məhsul istehsalı təmin edilərdi.
Buna görə də Kənd Təsərrüfatı Nazirliyi proqnozlaşdırır ki, ərazilərin işğaldan azad edilməsi ölkəmizdə heyvandarlıq məhsullarının istehsalındakı artıma ciddi dəstək olacaq. Regionun xüsusiyyəti ilə əlaqədar olaraq burada heyvandarlığın inkişafı ölkə üzrə ət istehsalında artıma böyük fayda verəcək. İldə təxminən 45 min ton ət istehsalına nail olunacağı proqnozlaşdırılır. Ət istehsalının artması ölkəmizin idxal məhsullarından asılılığını aradan qaldıracaq. Hər il Azərbaycana xaricdən 30-35 min ton ət idxal edilir. İşğaldan azad edilən ərazilərdəki əlavə istehsal həcmləri idxalın qarşısını almaq imkanına sahibdir.
İşğaldan azad olunan ərazilərdə 200 min tondan artıq süd istehsalı proqnozlaşdırılır. Bu, ümumi süd istehsalımızın 10 faizi qədərindədir.
Ümumən, heyvandarlığın inkişafı ət və ət məhsullarının idxalını əvəzləmək imkanı yaradacaq ki, bu da təxminən 200 milyon dollara bərabər vəsait deməkdir. 2019-cu ilin statistikasında əsasən, 28,1 milyon dollar dəyərində 8,8 min ton iribuynuzlu heyvan əti, 44 milyon dollar dəyərində 37,7 min ton quş əti və onun əlavə məhsulları, 14,4 milyon dollar dəyərində 9 min ton süd və qaymaq, 71,6 milyon dollar dəyərində 14 min ton kərə yağı və digər süd yağları, 4,7 milyon dollar dəyərində 20,5 milyon ədəd quş yumurtası idxal olunub.
İşğaldan azad edilən ərazilərdə heyvandarlığın inkişafı heyvandarlıq məhsullarına olan ehtiyacı yerli istehsal hesabına təmin etməyə əsas yaradacaq. Bu müsbət dəyişiklik həm heyvandarlıq məhsullarının bahalaşmasının qarşısını alacaq, həm də əhalinin daha keyfiyyətli məhsullarla təminatına imkan verəcək.
Vasif
Sfera.az






