Yerli avtomobil istehsalı idxalı azalda bilmir - TƏHLİL
2017-ci ildən başlayaraq Azərbaycana idxal edilən avtomobillərin sayında yenidən sürətli artım qeydə alınır. Artım daha çox minik avtomobillərində baş verir.
Ölkəmizə əvvəllər də çoxlu sayda avtomobil idxal edilib. Amma 2015-ci ildə baş verən iki devalvasiyadan sonra avtomobil idxalı kəskin şəkildə azalmışdı. 2015-ci ilin yanvar-sentyabr dövründə idxal sayı 22915 ədəd olduğu halda 2016-cı ilin yanvar-sentyabr dövründə 3906 ədədə düşüb.
Sfera.az xatırladır ki, 2017-ci ildən başlayaraq avtomobil idxalında artım dinamikası yüksək sürətlə davam edir. İdxal sayı 2017-ci ilin ilk 9 ayında 6643 ədədə, 2018-ci ilin ilk 9 ayında 16382 ədədə, 2019-cu ilin ilk 9 ayında 30908 ədədə, 2020-ci ilin ilk 9 ayında isə 38632 ədədə yüksəlib. Müqayisə göstərir ki, bu il avtomobil idxalı əvvəlki ilin eyni dövrünə nisbətən 25 faiz artıb.
Avtomobil idxalının sürətlə artması ölkəmizdə avtomobil istehsalının genişlənməsi fonunda baş verir. Artıq ölkəmizdə iki müəssisədə minik avtomobilləri istehsal olunur. Yerli istehala başlanılmasına baxmayaraq avtomobil idxalında böyük artım davam edir.
Azərbaycan istehsalı olan avtomobillərin əsas alıcısı hələlik dövlət təşkilatlarıdır. Amma azsayda olsa da fərdi şəxslər də yerli avtomobillərin alıcısıdırlar.
Dünya təcrübəsinə əsaslansaq yerli məhsulların satışını artırmaq, xarici malların idxalını azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlardan biri də antidempinq tədbirləridir. Burada məqsəd idxal edilən malların satışını zəflətmək, onları bazarda sıxışdırmaq, nəticədə yerli istehsal mallarının satışına nail olmaqdır.
Qeyd edək ki, xarici təcrübədə hökumətlərin yerli malların satışı üçün müxtəlif tədbirlər görməsi təcrübəsi var. Bir sıra hallarda yerli mallar yüksək marka dəyərinə malik olan mallarla rəqabər aparmaq imkanına sahib olmur. Bu səbəbdən müəyyən inzibati və iqtisadi tədbirlər görülür.
Xarici təcrübə göstərir ki, inzibati tədbirlər yerli malların satışını qısamüddətli dəstəkləyir, uzunmüddətli dövrdə o qədər də səmərə vermir. Məsələn, qonşu Rusiyada avtomobil istehsal sənayesi inkişaf edib və onlar çoxlu sayda avtomobil istehsal edir. Rusiyada tapşırıq verilmişdi ki, qurum rəhbərləri istisna olmaqla digər vəzifəli şəxslər və başqa məqsədlər üçün yerli istehsal avtomobilləri alınsın. Burada məqsəd yerli avtomobillərin təşviqini aparmaq, eyni zamanda yerli istehsalı stimullaşdırmaq idi.
Azərbaycanda da buna oxşar qərar qəbul etməklə yerli istehsala dəstək vermək, istehsalı artırmaq olar. Amma bu cür tədbirlərin geniş əhali kütləsini əhatə etmədiyindən uzunmüddətli dövr üçün səmərə gətirmir.
Avtomobil satışında ən önəmli məqam əhalinin avtomobilə olan tələbatıdır. Ölkəmizdə avtomobilləşmə prosesi əvvəlki illərdə daha sürətlə gedirdi. Xüsusən 2010-2013-cü illər ərzində ölkəmizə hər il 100 min ədəddən artıq avtomobil gətirilib. 2014-cü ildən qəbul edilən qərarlar, kreditləşmə şərtlərinin ağırlaşdırılması, eyni zamanda idxal rüsum və vergilərinin artırılması avtomobil idxalını xeyli dərəcədə azaltdı.
Bu tədbirlərdən sonra idxal azalsa da ikinci əl avtomobillərə tələb artdı. Görürük ki, son illərdə idxal yenidən artır və bu artımda ikinci əl avtomobillərin xüsusi çəkisi yüksəkdir. Avtomobil idxalının artmasının səbəbi avtomobilə tələbin hələ də yüksək olmasıdır. Minik avtomobilləri üzrə götürsək ölkəmizdə hər 10 nəfərdən birinin avtomobili var. İnkişaf etmiş ölkələrdə isə hər 10 nəfərə 7-8 avtomobil düşür.
Artan tələbi ödəmək üçün bir tərəfdən idxalı məhdudlaşdırmaqla yanaşı, digər tərəfdən yerli avtomobillərin alışını təşviq etmək lazımdır. İdxal xərclərini
artırdıqda ölkə daxilindəki köhnə avtomobillərin dövriyyədən çıxması çətinləşir. Qiymətlər yüksələndə avtomobil sahibləri köhnə avtomobillərdən imtina etmir. Buna görə də yaxşı olardı ki, yerli istehsal avtomobillərinin satışı üçün inzibati deyil, iqtisadi tədbirlərdən istifadə edilsin. O cümlədən satış şərtləri, kredit şərtləri yaxşılaşdırılsın.
Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanda 1685 min ədəd minik avtomobili istehsal edilib. 2020-ci ilin eyni dövründə 1382 ədəd minik avtomobili istehsal olunub. Bu il minik avtomobillərinin istehsalı 19 faiz azalıb. İstehsalın azalması ondan xəbər verir ki, yerli məhsullara tələb yüksək deyil.
Yerli istehsal avtomobillərinə tələbi artırmaq üçün zəruri şərtlərdən biri də marka dəyəri yüksək olan avtomobil modellərinin istehsalıdır. Neftçalada istehsal olunan "Khazar” və Naxçıvanda istehsal olunan "Lifan” avtomobilləri müasir istehlakçının tələbatına ödəyə bilmir, texniki göstəriciləri aşağıdır. Buna görə də sadəcə avtomobil istehsalına yox, yaxşı avtomobil istehsalını təmin etmək lazımdır. O zaman ölkəmizdə də yerli məhsullar idxal mallarını əvəzləmək qabiliyyətinə sahib olacaq.
Vasif
Sfera.az






