Ankaranı oyundan kənarda saxlamaq üçün “strateji badalaq” – Türkiyə mətbuatı
Türkiyədəki ekspert və jurnalistlərin yazılarından məlum olur ki, Türkiyə tərəfi Ankaranın Qarabağ münaqişəsinin həllində iştirak etməməsindən narahatdır.
Ərdoğan ATƏT-in Minsk Qrupunu (Fransa, Rusiya, ABŞ) tənqid edərək bildirmişdi ki, onlar nəinki problemi həll etmir, əksinə münaqişəninhəllində maneəyə çevriliblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da həmçinin atəşkəsin faydasız olduğunu və təşkilatın bütün həmsədrlərinin erməni tərəfinə simpatiya ilə yanaşdıqlarını vurğulamışdı.
Ankara hesab edir ki, sözügedən formatda kimsə Azərbaycanın maraqlarını təmsil etməlidir. Mİnsk qrupunun ünvanına söylənən tənqidlərə, eləcə də Bakının Türkiyənin Mİnsk qrupunun həmsədrləri formatına daxil edilməsi tələbi ilə çıxış etməsinə əsas verən də elə budur.
Ekspertlərin bəyanatlarından həmçinin belə nəticəyə gəlmək olar ki, Moskvadan Ankaranı böhranla birgə mübarizəyə dəvət etməsi gözlənilirdi. Amma oktyabrın 9-u aparılan bir neçə saatlıq danışıqlardan sonra verilən açıqlamada Türkiyə haqda heç bir söz deyilmədi. Üstəlik, dördüncü abzasda qeyd edilmişdi ki, sözügedən məsələ ilə yalnız üç ölkə məşğul olacaq və heç bir digər ölkə bu prosesə cəlb olunmayacaq.
Türkiyədə hesab edirlər ki, Rusiya tərəfindən belə bir addımın atılması, düşünülmüş siyasi manevr sayəsində Ankaranı "ofsayt”da qoyan "strateji badalaq”dır. Bu haqda Türkiyənin "Karar” qəzeti bu gün ilk səhifəsində yazıb.
Selcan
Sfera.az






