Qarabağın işğaldan azad edilməsi su təminatını yaxşılaşdıracaq - TƏHLİL
İşğal altında olan torpaqlarımızın işğaldan azad edilməsinin əhəmiyyətli nəticələrindən biri də iqtisadiyyatın və əhalinin su təminatının yaxşılaşması olacaq.
İşğal edilən ərazilərdə çoxlu sayda xırda və bir ədəd respublika əhəmiyyətli iri su anbarı olub. Bu anbarların yerləşdiyi ərazilərin işğala məruz qalması ətraf ərazilərin su ilə təminatını xeyli ağırlaşdırıb. Buna gbörə də su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi gələcəkdə böyük iqtisadi nəticələri olacaq.
Sfera.az bildirir ki, artıq ilkin müsbət nəticə var. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin edilib.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.
Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır. Bununla yanaşı suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.
Qeyd edək ki, su anbarları çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən, qədim zamanlardan bəri insanların suya olan ehtiyacını odəmək və əkin sahələrinin suvarılması məqsədilə inşa edilən su təsərrufatı obyektləridir. Hazırda ölkəmizin ərazisində 153 su anbarı var. Onun 20-dən çoxu işğal edilən ərazilərdə qalmışdı. Su anbarlarının tədricən işğaldan azad edilməsi sel və daşqın sularını tənzimləməyə, daha çox elektirk enerjisi istehsal etməyə, insanların həyat fəaliyyətinin inkişafına və ölkənin əkinçilik təsərrufatında suvarmanın yaxşılaşmasına böyük fayda verəcək.
İşğal altında olan ərazilərdə 4 iri, o cümlədən biri respublika əhəmiyətli su anbarı olub. Bunlar Sərsəng (Tərtər rayonu), Aşağı Köndələnçay (Füzuli rayonu), Xaçınçay (Ağdam) və Suqovuşan (Tərtər) su anbarlarıdır.
Ölkəmizdə olan 4 böyük su anbarından biri – Sərsəng Su Anbarı Tərtər çayı üzrində yerləşir. Anbar keçmiş Ağdərə, hazırkı Tərtər rayonunun ərazisindədir.
Sərsəng su anbarının təyinatı həm suvarma, həm də elektrik enerjisinin istehsalı üçün nəzərdə tutulub. Sərsəng su anbarının ümumi su tutumu isə 565 mln m³-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m3, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir.
Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə "Sərsəng” HES istiqamətinə saniyədə 70 m3 su buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda meliorasiya məqsədilə anbardan saniyədə 30 m3 su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Madagiz su anbarı yerləşir. Onunla yanaşı olan HES Sovet dönəmində inşa edilib və həmin dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilib.
Aşağı Köndələnçay su anbarı 6,2 min hektar ərazinin suvarılmasını təmin etməklə bərabər balıqçılığın da inkişafına şərait yaradıb.
Xaçınçay su anbarı da suvarma və balıqçılığın inkişafı baxımından faydalıdır.
Eynilə Suqovuşan su anbarı həm əkinçilik, həm də balıqçılığın inkişafı üçün əhəmiyyətli anbar hesab edilir.
Adıçəkilən anbarların işğaldan azad edilməsi ilə ilk növbədə on minlərlə hektar ərazinin suvarılma imkanları yaxşılaşacaq. Bunun hesabına daha çox əkin sahəsi dövriyyə cəlb ediləcək, ölkəmizdə bitkiçilik məhsullarının istehsalı artacaq. Nəzərə alsaq ki, son illərdə ölkəmizdə quraqlıq səbəbindən su ehtiyatları azalıb, su anbarlarının azad edilməsi su ilə təminatı yüksək səviyyə qaldıracaq.
Su anbarlarının işğaldan azad edilməsi balıqçılığın inkişafına və iqtisadiyyatın suya ehtiyacı olan digər sahələrinin də su ilə təminatının yaxşılaşmasına kömək edəcək.
Vasif






